...

ÜST ekspertləri Azərbaycanda quş qripinə qarşı mübarizənin vəziyyəti ilə tanış olur

Cəmiyyət Materials 16 Mart 2006 17:25 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri Naomi Boksal (epidemioloq) və Andreas Qividorf (epidemioloji nəzarət üzrə ekspert) "quş qripi" virusu ilə mübarizə çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyinə epidemioloji nəzarət istiqamətində yardım edir.

ÜST-nin Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, təşkilat ekspertlərinin iştirakı ilə Səhiyyə Nazirliyinin nəzdində yaradılmış işçi qrupu ilkin məlumatların toplanması üçün epidemioloji xəritə işləyib-hazırlayıb. "Xəritə artıq səhiyyə naziri tərəfindən təsdiqlənib və bütün Azərbaycan üzrə məlumatların toplandığı milli forma kimi qəbul olunub", - deyə ÜST-dən qeyd edilib.

ÜST-nin nümayəndəliyindən məlumat verilib ki, Azərbaycanın səhiyyə naziri "quş qripi"nə yoluxmanın müəyyən edilməsi formasını təsdiqləyib, yəni rəsmi təsnifat mövcuddur.

Martın 15-də nazir nümunələrin qeydiyyata alınma formasını təsdiqləyib. "Hazırda tibb işçilərinin vəziyyəti üzrə monitorinqin forması da Səhiyyə Nazirliyinin təsdiqindədir. Dünya təcrübəsində tibb işçilərinin müxtəlif viruslarla xəstələnməsi halları olub", - deyə ÜST-dən qeyd ediblər.

Martın 15-də Azərbaycana gəlmiş, ÜST-nin "quş qripi" üzrə klinikanın eksperti Simon Mardel, "quş qripi"nin yayılması üzrə klinikanın eksperti Karolina Braun və təşkilatın PR meneceri Kristiana Salvi tibb işçilərini "quş qripi"nin aşkar olunması üzrə dünya təcrübəsi ilə tanış etmək məqsədilə treninqlər keçirmək niyyətindədir. Laborator təqdqiqaitlar ekspert Emat Elassal tərəfindən aparılır. "O, laborator tədqiqatlar aparacaq və müxtəlif laboratoriyaların əməkdaşları olan yerli tibb işçilərini bu istiqamətdə təlimləndirəcək", - deyə təşkilatdan məlumat verilib.

ÜST-nin "quş qripi" üzrə PR meneceri Kristiana Salvi kommunikasiya strategiyası hazırlayır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, ÜST ekspertləri artıq Azərbaycanda vəziyyətlə və "quş qripi" virusu ilə mübarizə üzrə tədbirlər planı ilə tanış olur. Onlar müvafiq informasiya toplamaq üçün müxəlif nazirliklərdə, o cümlədən Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya nazirliklərində görüşlər keçirir. Ekspertlər aprelin sonunadək Bakıda olacaq.

"Quş qripi" virusuna yoluxduğu ehtimal olunan xəstələrdən götürülmüş analizlər martın 16-da London laboratoriyasına gətirilib.

Qeyd edək ki, ÜST Azərbaycanda 3 nəfərin "quş qripi" virusundan vəfat etməsi faktını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti