Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Gürcüstan parlamenti 1944-cü ildə deportasiya edilmiş mesheti türklərinin reportasiyası haqqında qanun qəbul edəcək. Bu barədə bu gün Bakıda Ombudsmanların 5-ci beynəlxalq konfransında Gürcüstan Ombudsmanı Sozar Subari bildirib.
Onun sözlərinə görə, bu qanun ideal variant deyil, burada müəyyən mənfi məqamlar müşahidə olunur. "Qanunda sürətli və effektiv reportasiyanın aparılması istiqamətində dövlətin addımları qəti müəyyən olunmayıb" - deyə Subari bildirib. Həmçinin onun fikrincə, dövlət həmin şəxslərin məhz çıxarıldıqları yerə qaytarılmasına zəmanət verə bilmir, belə ki, bu yerlərdə artıq başqa şəxslər yaşayır.
Qanunda həmçinin qeyd olunub ki, bir il müddətində bu şəxslər bütün sənədlərini Gürcüstanın müvafiq orqanlarına təqdim etməlidirlər. 1944-cü ildə Stalinin əmri ilə Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan Mərkəzi Asiyaya təqribən 90 min mesheti türkü deportasiya olunub. Hazırda Gürcüstan hökuməti mesheti türklərini bütün ölkə boyu yerləşdirməyi təklif edir.