...

Müğənni Elza Seyidcahan: "Son vaxtlar başımı paltar sabunu ilə yuyuram"

Cəmiyyət Materials 22 Avqust 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı / "Trendlife" müxbir Ş. Cavadsoy/ Düşünürük ki, bənzərsiz ifa tərzi, qeyri-adi geyimləri ilə illərdən bəri sizlərin zövqünü oxşayan Elza Seyidcahan barəsində uzun-uzadı doyse yazmaq bir o qədər də maraqlı olmazdı. Çünki, bu xanım hər şeydən uca tutduğu sənətində ilk uğurlarına imza atdığı günlərdən başlayaraq, özünü tamaşaçı auditoriyasına hərtərəfli sevdirə bilib. Sadə olduğu qədər də gözəl qadın olan Elza xanım deyir ki,  "Mənim Tanrım Gözəllikdir" adıyla ithaf etdiyi Ulu Yaradan hər an onu öz nəzərləri altında saxlayır. Söhbət əsnasında o çox mətləblərdən bizləri hali etdi. Amma birinci növbədə hər bir zərif cinsin həyatında böyük rol oynayan geyimlərdən danışdıq. 

- Elza xanım, əvvəlcə səhnədə Sizi hər zaman qeyri adi göstərən libaslarınızdan danışmaq istərdik. Sizcə, geyim eyibləri gizlətməlidir? Ümumiyyətlə geyiminizi seçməkdə Sizə kim köməklik göstərir?   - Daha çox böyük bacımın köməyindən istifadə edirəm. Solo-konsertlərimdə, bəzi tədbirlərə gedəndə gözəl modelyerimiz Fəxriyyə Xələfova təmənnasız mənə köməklik göstərib. Leyla Əhmədova ilə, Andrey adlı modelyerlə də işləmişəm. Paltarda özümü rahat hiss etməsəm, səhnədə də rahat ola bilmərəm. Ona görə də həmişə geyimlərimin rahat olmasına önəm verirəm.   

- Elza xanım, zövqlə geyinib-keçinməyin sirlərini nədə görürsüz?   - Gözəl görünmək istəyən zövqlə geyinməyi bacarmalıdır. Elə geyinməlidir ki, paltarı onun eyiblərini örtsün. 30-35 yaşdan sonra qadınlarımızın əksəriyyəti artıq piy qatından əziyyət çəkirlər. Zövqlü xanım elə geyinməlidir ki, piy qatlarını gizlətsin. Elə qadınlar var ki, beyinlərinə yeridiblər ki, onların bədən ölçüləri mütləq manekendəki kimi olmalıdır. Əslində isə köklük eybəcərlik deyil, ancaq əyninə yaraşanı geyinməklə gözəl görünə bilərsən. Leyla Bədirbəyli, Şəfiqə Məmmədova, Şövkət Ələkbərova, Sara Qədimova kimi aktrisalarımıza həmişə gözəl xanım kimi baxmışıq. Çünki onlar nə geyindiklərini biliblər. Ölçülərinə uyğun geyinərək özlərini təqdim etməyi bacarıblar. Qadın var ki, ona hansı paltarın yaraşdığını bilir, qadın da var dəb xatirinə nə gəldi geyinir. Fikirləşmir ki, bu paltar onu daha da eybəcər göstərəcək. Əslində isə eybəcər qadın yoxdur.   

- Təbiyiliklə bol olan simanızı gözəl saxlayan kimlərdir?   - Kliplərimdə, solo-konsertlərimdə vizajistə müraciət edirəm. Ancaq çox vaxt makiyajımı özüm edirəm. Başqalarının etdiyi vizajda özümü rahat hiss etmirəm. Saçlarıma gəlincə, son zamanlara qədər başıma xına qoymuşam. Həmişə də soruşurlar ki, başını nə ilə yuyursan, çox parıltılı görsənir. Xına saçlarımı parıltılı göstərir. Son illər isə jurnalların üz qabığına çəkilməyimlə əlaqədar salonda məcburən saçlarıma boya qoydular ki, bu da ziyan etdi. Saçımı yuyanda şampundan yox, paltar sabunundan istifadə edirəm. Görürdüm ki, hamı şampunla yuyur, bir ara mən də şampundan istifadə etdim, ancaq saçlarım istədiyim kimi qalmadı, buruqları açıldı. Hətta salonlara gedəndə paltar sabununu görəndə mənə gülürlər.   

- Müğənnilərimizin əksəriyyəti estetik, plastik əməliyyat etdirirlər. Sizin belə bir fikriniz varmı?   - Allaha şükür ki, mənə bu gözəlliyi verib və heç bir estetik, plastik əməliyyata ehtiyacım yoxdur. Rəbbimiz hər bir insanı sevə-sevə yaradır. Düzdür, xarici görünüşündə hansısa hissə insana rahatlıq vermirsə, əməliyyata getmək olar. Yaxud müəyyən yaşdan sonra qırışları gizlətmək üçün estetik əməliyyat etdirməyə pis baxmıram. Ancaq erkən yaşlarından cavan qızların qaşlarını qırxıb yeni qaş çəkdirmələrinin əleyhinəyəm. Yaxud da qəşəng burnu olan birisi gedib kiminsə burnundan düzəltdirmək istəyir. Bu, düzgün deyil. Türkiyədə bütün müğənnilər bir-birlərinə oxşayırlar. Çünki hamısının burnu, qaşı, dodağı eynidir. Ona görə də elə insanlara baxmaq maraqsız olur. Təəssüflər olsun ki, bu xəstəlik yavaş-yavaş Azərbaycana da keçir.   

- Bəstələrinizdə də orijinallıq var...   - Bəstələrim daxilimdən gəlsə də, adi insanam. Xərçəng bürcündənəm və bu bürcün xüsusiyyətlərini özümdə cəmləmişəm. Hər adam bu bürcü duya bilməz. Xərçəng bürcü ömrü boyu həyatda öz sevgisini tapmır. Ancaq kim xərçəngi sevirsə, cismən ondan ayrılsa da, ruhən ayrıla bilmir.   

Bəs nə səbəbdən yenilik ardınca qaçmağa can atmırsınız?

- Yenilik ardınca qaçanda, mütləq sənət ikinci plana keçir. Məncə hər bir sənətçi, ələxsüsda xanım müğənnilər öz qürurlarını qorumalıdırlar. Çünki, Tanrı onsuz da qadınları kişilərdən bir pilə yüksək öz nəzər-diqqətində saxlayır, bizlərdən öz köməyini əsirgəməyir. 

- Necə qadına xoşbəxt demək olar?   - Sevilən qadına xoşbəxt qadın demək olar. Gözümü açandan həyatda hər zaman sevilmişəm. Allah bu sevgini mənə çox görməsin.   

- Demək, xoşbəxtsiniz...   - Bəli, xoşbəxtəm. Əgər qadın sevilirsə, xoşbəxtdir. Bu o demək deyil ki, təkcə əks cins tərəfindən seviləsən. Gərək ətrafındakılar tərəfindən sevgini, hörməti hiss edəsən. Uşaqlığımdan bəri dalaşıb ayrıldığım kimsə olmayıb. Ruhuma yaxın olmayan insandan dava-dalaşsız uzaqlaşmışam, amma onun xətrinə dəyməmişəm.  

- Azərbaycan kişilərində belə bir xüsusiyyət var ki, ailə qurduqları qadını seçim qarşısında qoyurlar: ya ailə, ya iş. Elza xanım, Siz necə, belə bir seçim qarşısında qalmısınızmı?   - Bu xüsusiyyət hər kişidə var. Gərək xanım özünü o vəziyyətə salmasın ki, kişi onu seçim qarşısında qoysun. Çoxu elə bilir ki, ailəm sənətimə görə dağılıb. Mən sənətə görə ailəmi dağıdan qadınlardan deyiləm. Ailəmin dağılmasının səbəbləri başqadır. Ailəm sənətimə görə yox, uşaqlarımın ata nənəsinin üzündən dağılıb. Hətta 7 il sənətimi ailəmə qurban vermişəm. Evdə oturub uşaqlarımı saxlamışam, külfətə baxmışam, çox böyük ailə yükünü çiyinlərimdə daşımışam. Amma sənətimə də biganə qalmamışam, evdə musiqilərimi yazmışam. Zaman keçdikcə görmüşəm ki, yox, buna dəyməz, evdə problemlər olur. Ailəm dağılandan sonra nə etməliydim, pis yola düşəsi deyildim ki, ali təhsil almışam, övladlarımı öz zəhmətimlə böyütmüşəm və sənətimdə irəliləmişəm. Qeyd edim ki, uşaqlıqdan musiqi məktəbinə gedirdim, şeir yazırdım. Məncə, həyatda insanı hər şey ata bilər, amma sənəti onu ata bilməz. Ən pis günündə də daxilindəki sənət sənə təskinlik verir.   

Xəbər lenti

Xəbər lenti