...

Azərbaycanda daha bir müxalifyönlü qəzet fəaliyyətini müvəqqəti dayandırıb

Cəmiyyət Materials 27 Avqust 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda daha bir müxalifyönlü qəzet fəaliyyətini müvəqqəti dayandırıb. Buna səbəb Sumqayıtda nəşr olunan "Yüksəliş Naminə" qəzetinə şəhər İcra Hakimiyyəti tərəfindən edilən təzyiqlər olub. Qəzetin müxbiri Elçin Həsənov bazar ertəsi Trend ə bildirib ki, baş redaktor Elçin Məmmədə qəzetin kursunu dəyişdirməsi təklif olunub. Əks halda baş redaktoru və qəzetin əməkdaşlarını həbs olunacaqları ilə hədələyiblər.

Həsənov bildirib ki, əməkdaşlara qarşı təzyiqlərdən qorunmaq məqsədilə qəzetin fəaliyyətini müvəqqəti dayandırmaq qərara alınıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar şöbəsinin müdiri Seyfəddin Rəhimov bildirib ki, İcra Hakimiyyəti tərəfindən şəhərdə nəşr olunan heç bir qəzetə təzyiq göstərilmir: "Yayılan məlumatlar əsassızdır. Heç kim deyə bilməz ki, İcra Hakimiyyəti hansısa qəzetə, jurnalistə qarşı təzyiq göstərib.

"YüksəlişNaminə" qəzetinin baş redaktoru Elçin Məmmədi yaxşı tanıdığını deyən Rəhimov onunla şəxsən görüşdüyünü, söhbət etdiyini bildirib. Lakin təzyiqlərin olması ilə bağlı xəbəri İcra Hakimiyyətinin nümayəndəsi təkzib edib.

"Yüksəliş Naminə" qəzeti 2005-ci ilin yanvarından fəaliyyətə başlayıb. Həftədə bir dəfə çıxan qəzet 2000 tirajla çap olunur. Qəzetin 30-dan artıq əməkdaşı var. Xarici ölkələrdən sığınacaq istəyən 20-dən artıq jurnalist arasında "Yüksəliş Naminə" qəzetinin əməkdaşı Elçin Həsənov da var.

Azərbaycanda bu il "Gündəlik Azərbaycan", "Realnıy Azerbaydjan", "Bakı Xəbər" qəzetlərinin fəaliyyəti dayandırılıb.Azərbaycanda 7 jurnalist peşə fəaliyyəti ilə əlaqədar həbs olunub.

Xəbər lenti

Xəbər lenti