...

Gəncədə müəllimlər etiraz aksiyası keçiriblər

Cəmiyyət Materials 10 Sentyabr 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhər 26 saylı məktəb-liseyin kollektivi bazar ertəsi, direktorlarının işdən çıxarılmasına etiraz əlaməti olaraq, piket keçiriblər. Trend in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhər Təhsil İdarəsi heç bir səbəb göstərilmədən məktəbin direktoru Vəli Mürsəqulovu vəzifədən kənarlaşdırmaq istəyir.

Mürsəqulov isə təhsil idarəsinin qərarını qərəzli hesab edir. "Təhsil İdarəsinin bu hərəkətini özümə qarşı hörmətsizlik kimi qəbul edirəm. Çünki mən 62 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Məktəb direktorlarını işə təhsil nazirliyi təyin edib, çıxara bilər. Əgər işimdə hər hansı bir nöqsana yol vermişəmsə, əvvəlcə məktəbə və mənə bildiriş verilməlidir, buraxılan səhvlər göstərilib, müzakirə edilməlidir" -deyə məktəb direktoru bildirib.

Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev isə bildirib ki, hər il tədris ilinin sonunda, iyul ayında şura iclası keçirilir. Bu iclasda qəbul imtahanlarının nəticələri müzakirə olunur. Həmin yığıncaqdan bir həftə əvvəl məlum olub ki, sözügedən 26 sayıl orta məktəbdə ciddi təlimat pozuntusu baş verib. "Bu məsələni biz iclasda müzakirə etsək də,26 sayıl orta məktəbin direktoru iclasda iştirak etməyib, xəstələndiyi barədə arayış təqdim edib. Ondan sonra biz bir neçə dəfə onu müzakirələrə dəvət etsək də, tədbirlərdə iştirak etməyib"-deyə Əliyev bildirb.

Əliyev deyib ki, Mürsəqulov 26 saylı orta məktəbdə kadrların qəbulu və onların yerləşdirilməsində də bir sıra pozuntulara yol verib. "Məhz bu səbəbədən də biz onu işdən azad etdik" deyə Əliyev bildirib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti