...

BP şirkəti Azərbaycanın Milli Olimpiya və Paralimpiya Komandalarına dəstəyini 2016-cı ilə qədər davam etdirəcək

İdman Materials 6 May 2013 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.İsmayılov/

Bu gün BP şirkəti Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə bağladığı tərəfdaşlıq sazişinin müddətini uzadıb.

Trend-in məlumatına görə, bununla BP şirkəti 2016-cı ilin sonuna qədər ölkənin milli komandalarına və nüfuzlu idmançılarına dəstəyini davam etdirəcək. İlkin saziş London 2012 Oyunlarından əvvəl 2012-ci ilin yanvar ayında imzalanmışdı.

İmzalanma mərasimində qonaqlar qarşısında çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti cənab Qordon Birrell dedi: "Biz Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi üçün rəsmi enerji və neft-qaz tərəfdaşlığımızı 2016-cı ilin sonuna qədər davam etdirəcəyimizi bəyan etməkdən fərəh hissi duyuruq. London 2012 Oyunlarında xüsusi nümayəndə kimi seçdiyimiz idmançıların nailiyyətlərini izləyərkən və xüsusən də onların vətənə medallar ilə qayıtmasının şahidi olduğumuzda böyük fəxr hissi duymuşuq. Biz, idmançıların yarışlara hazırlığını və Azərbaycan üçün medallar qazanmaq uğrunda göstərdikləri səyləri izləməyə davam edəcəyik."

"BP şirkəti 1992-ci ildə Bakıda ilk ofisini açdığı vaxtdan bəri Azərbaycandakı həyatın bir çox aspektlərində yaxından iştirak etməklə, bir sıra nailiyyətlərə imza atmış və regiondakı hökumətlər, şirkətlər və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıqlar yaratmışdır. Azərbaycan Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə bağlanılmış sazişin müddətinin uzadılması BP şirkətinin ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir," Birrell bildirib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dedi:

"Biz BP şirkəti ilə tərəfdaşlığın müddətini uzatmaqdan məmnunluq duyuruq və Azərbaycan xalqını daha çox idman nailiyyətləri ilə sevindirmək naminə Azərbaycan idmançılarının inkişafı istiqamətində birgə işləyəcəyimizə ümidvarıq."

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov dedi:

"BP şirkətinin Azərbaycanda Paralimpiya idman növlərini dəstəkləməyə davam etməsi idmanın cəmiyyətdəki hər bir şəxs üçün olduğunu bir daha vurğulamağa yardım edir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti