...

Azərbaycanda idman sahəsində ilin ən yaxşıları mükafatlandırılıb (FOTO) (ƏLAVƏ OLUNUB 2)

İdman Materials 23 Dekabr 2013 21:30 (UTC +04:00)
Bu gün Bakıda 2013-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.
Azərbaycanda idman sahəsində ilin ən yaxşıları mükafatlandırılıb (FOTO) (ƏLAVƏ OLUNUB 2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:04-də yayılıb)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda 2013-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, Olimpiya çempionları və mükafatçıları, beynəlxalq idman yarışlarının qalibləri və mükafatçıları və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, 2013-cü il də digər illər kimi uğurlu olub.

Nazirin sözlərinə görə, bu il Azərbaycan idmançıları həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri üzrə 800-ə yaxın müxtəlif medal qazanıblar:

"Bu il nailiyyətlərimiz yüksək olub. Bu onu göstərir ki, bu gün Azərbaycanda idmana çox böyük qayğı və dəstək var, idmançılara hərtərəfli şərait yaradılır".

Nazir əlavə edib ki, Azərbaycan bu il möhtəşəm beynəlxalq idman yarışlarına ev sahibliyi edib və gələcəkdə də Azərbaycanı dünyaya tanıdacaq bir sıra mühüm beynəlxalq yarışlar keçiriləcək: "Qarşıdan gələn illər bizim üçün vacib olacaq və biz hamımız bunlara hazır olmalıyıq".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə çıxışında qeyd edib ki, Azərbaycan bu ili də çox böyük fərəh hissi ilə yola salır: "2013-cü ildə London olimpiadasından sonra bizim idmançılar 4 qızıl medal qazandı və bu çox sevindirici haldır. Azərbaycanda idmanın inkşafı çox dinamik gedir, idman sahəsində çox tədbirlər görülür. Biz 2015-ci ilə çox böyük ümidlə baxırıq, çünki həmin il ilk Avropa Olimpiya Oyunları məhz Azərbaycanda keçiriləcək və bunun Azərbaycanda keçirilməsi ölkədə idmanın nə qədər inkişaf etdiyini göstərir. Bu, ilk növbədə, Azərbaycanda idmana nə qədər qayğının göstərilməsinin nəticəsidir. Biz gələcəkdə də öz uğurlarımızı yüksək səviyyədə qeyd edəcəyik və böyük uğurlar qazanacağıq".

Tədbirdə Azərbaycan idmanda qazanılan uğurlardan bəhs edən qısa film nümayiş etdirilib.

Daha sonra 2013-cü ilin yekunlarına görə ilin ən yaxşı məşqçisi, idman federasiyası, idman cəmiyyəti, idman klubu və idman kompleksi mükafatları təqdim olunub.

2013-cü ilin yekunlarına görə ilin ən yaxşı məşqiçisi cüdo üzrə məşqçi Ağanağı Cəfərov, boks üzrə Yadigar Məmmədov, yunan-Roma güləşi üzrə İsmayıl Çöpçüyev, idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə Azərbaycan Güləş Federasiyası, ilin ən yaxşı idman federasiyası kimi Azərbaycan Boks Federasiyası, ilin ən yaxsı idman cəmiyyəti kimi "Neftçi" İdman Sağlamlıq Mərkəzi, ilin ən yaxşı idman klubu kimi "Ümid" İdman Klubu və ilin ən yaxşı idman kompleksi kimi Kürdəmir Olimpiya İdman Kompleksi mükafatlandırılıb.

Daha sonra 2013-cü ilin yekunlarına görə ilin ən yaxşı idmançısı mükafatları təqdim olunub. "Qızıl onluq"da ilin ən yaxşı idmançısı, boks üzrə Avropa və dünya çempionu Məhəmmədrəsul Məcidov, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, boks üzrə dünya çempionu Cavid Çələbiyev, cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov, sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov, boks üzrə Avropa və dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov, ağır atletika üzrə dünya çempionatının bürünc mükafatçısı Firudin Quliyev, taekvondo üzrə dünya çempionatının bürünc mükafatçısı Rabik İsayev, karate üzrə dünya çempionu Rəfael Ağayev və paracüdo üzrə Avropa çempionu İlham Zəkiyev yer alıb.

2013-cü ilin yekunlarına görə ilin ən yaxşı idman kompleksi kimi Sərhədçi Olimpiya İdman Mərkəzi mükafatlandırılıb. Bundan əlavə bir sıra mətbuat orqanlarına və jurnalistlərə də idman sahəsini işıqlandırmalarına görə mükafatlar təqdim edilib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti