Azərbaycan, Bakı, 25 noyabr /Trend/
AFFA-nın bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 13-cü turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar açıqlanıb.
Trend-in PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XIII turunun "Xəzər Lənkəran" - "Neftçi" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 16-cı dəqiqəsində "Neftçi" klubunun 1 nömrəli futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
Oyunun 45+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 7 nömrəli futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Oyunun 74-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 22 nömrəli futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidın cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Oyun 50-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən də adıçəkilən futbolçu 6 oyunluq cəzalanıb, klub 5200 manat cərimə olunub.
Oyunun 90+4-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimələnib.