...

Bakı Olimpiya Stadionunun istismarına icazə verildi

İdman Materials 7 Mart 2015 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 mart /Trend/

2012-ci ilin dekabr ayında tikintisinə başlanılmış Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, obyekt nazirlik tərəfindən podratçıdan təhvil alınıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunun sifarişçisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, baş podratçısı Dövlət Neft Şirkəti (ARNDŞ), subpodratçı isə "Tekfen İnşaat və təsisat A.Ş" olub. Prosedura uyğun şəkildə layihə sənədləri hazırlanıb və müvafiq qaydada ekspertizadan keçirilib.

Stadionun tikintisi cədvəl əsasında vaxtında aparılıb. Obyektin müvafiq təşkilatlar tərəfindən yoxlanılması işləri aparılıb və tikinti norma və qaydalarına, layihə sənədlərinə uyğun tikilməsi barədə rəy verilib.

Yuxarıda qeyd edilən sənədləşmə işləri başa çatdıqdan sonra obyektin istismarına aidiyyəti qurum tərəfindən müvafiq qaydada icazə verilib.

Qeyd edək ki, 12-28 iyun 2015-ci il tarixlərdə Bakıda ilk dəfə olaraq keçiriləcək Avropa Oyunlarının açılış və bağlanış mərasimləri bu stadionda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti