...

Azərbaycan Gimnastika Federasiyası Dünya kubokuna hazırlıqdan danışıb (FOTO)

İdman Materials 15 Fevral 2017 12:18 (UTC +04:00)
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna hazırlıq son mərhələdədir.
Azərbaycan Gimnastika Federasiyası Dünya kubokuna hazırlıqdan danışıb  (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna hazırlıq son mərhələdədir.

Bunu Trend-ə Azərbaycan Gimnastika Federasiyası baş katibinin müavini Nurlana Məmmədzadə deyib.

N.Məmmədzadə bildirib ki, bu il Azərbaycan Gimnastika Federasiyası mövsümü beynəlxalq turnirlə açır: "Bu, yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya kubokudur. Adətən, yarışlara hazırlıq bizdə çox əvvəldən başlayır. Məsələn, bu Dünya kubokuna hazırlığı biz ötən ilin sentyabrında başlamışıq. Bu gün isə artıq sonuncu mərhələdir, demək olar ki, hər şey hazırdır. Artıq iki komanda – CAR və Qazaxıstan Bakıya gəlib. Onlar təlim-məşq toplanışlarına qatılıblar və turnirdə iştirak edəcəklər”.

N.Məmmədzadənin sözlərinə görə, Federasiya həmçinin, ötənilki batut gimnastikası üzrə Dünya kubokundan fərqli olaraq, zalın tərtibatında dəyişikliklər edib: “Yarışlar zamanı arenada idmançılara və alətlərə yönəlmiş projektorlardan başqa bütün işıqlar söndürüləcək. Biz bunu ötən il bədii gimnastika üzrə Dünya kubokunda tətbiq etmişik, bu növdə isə ilk dəfə tətbiq olunur. Bu, azarkeşlərə diqqəti idmançılar üzərində cəmləməyə imkan verəcək”.

O qeyd edib ki, bir sıra dəyişikliklər hakimlikdə, eləcə də alətlərdə həyata keçirilib.

N.Məmmədzadə deyib: “Əgər əvvəllər çıxışlar çətinlik, icra, vaxt (yalnız fərdi çıxışlarda) və sinxronluq (yalnız cütlərdə) göstəricilərə görə qiymətləndirilirdisə, indi yeni Olimpiya dövründən başlayaraq üfüqi hərəkətlər də nəzərə alınacaq. Yəni, idmançının batutda tullanma zamanı nə dərəcədə mərkəzdən uzaqlaşması diqqətə alınacaq. Bununla əlaqədar olaraq da, alətlərdə bir qədər dəyişikliklər edilib”.

Federasiya baş katibinin müavini onu da qeyd edib ki, batut gimnastikası və tamblinq üzrə Dünya kuboku ilə yanaşı, Federasiya digər tədbirlərə də hazırlaşır: “Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku ilə yanaşı, biz paralel olaraq martda keçiriləcək idman gimnastikası və apreldə bədii gimnastika üzrə Dünya kubokuna hazırlaşırıq. Eyni zamanda, mayda burada ilk dəfə FIG Şurasının iclası keçiriləcək və ondan bir neçə gün sonra isə İslam oyunları çərçivəsində gimnastika yarışları başlayır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti