...

Azərbaycan taekvondoçusundan dünya birinciliyində tarixi nailiyyət (FOTO)

İdman Materials 29 İyul 2022 20:25 (UTC +04:00)
Azərbaycan taekvondoçusundan dünya birinciliyində tarixi nailiyyət (FOTO)

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyi davam edir. Mundialın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə bildiriblər ki, komandamızın üzvü Mehdi Budaqlı (33 kq) ölkəmizin taekvondo tarixinə düşüb. İdmançımız mundialda keçirdiyi 6 döyüşün hamısını qələbə ilə başa vuraraq, yeniyetmələr arasında Azərbaycanın ilk dünya çempionu tutuluna sahib olub.

Mübarizəyə otuzikidəbir finaldan başlayan M.Budaqlı ilk döyüşündə kanadalı Levi Qavası yeni qaydalara əsasən raund hesabında məğlub edib - 2:0. Taekvondoçumuz ardınca Dieqo Qerubiniyə (Avstraliya), Conatan Haimiyə (İsrail) və Nelson Dedeqbeniyə (Fransa) 2:0 ilə qalib gələrək yarımfinala adlayıb. Mehdi finala vəsiqə uğrunda moldovalı Maksim Kravçenkoya da şans verməyib - 2:0.

İnamlı döyüş sayəsində həlledici mərhələyə adlayan taekvondoçumuz uğurlu seriyanı davam etdirib. Finalda özbəkistanlı Dilmurod Marufcanovla qarşılaşan Mehdi yenə də dayanqdan 2:0 hesablı qələbə ilə ayrılıb və mundialın qızıl medalına sahib olub.

Bununla da, 14 yaşlı taekvondoçu tarixi uğurumuzu rəsmiləşdirib. O, dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Sofiyada keçirilən mundial iyulun 31-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti