...

Taekvondo üzrə Dünya Çempionatı Bakıda keçiriləcək (FOTO)

İdman Materials 15 Aprel 2023 12:31 (UTC +04:00)
Taekvondo üzrə Dünya Çempionatı Bakıda keçiriləcək (FOTO)

Bakı. Trend:

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək Taekvondo üzrə Dünya Çempionatına son hazırlıqlarla bağlı mətbuat konfransı keçirilib.

Trend xəbər verir ki, konfransda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov çıxış edib.

O bildirib ki, beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olan paytaxtımız bu ilin may ayında Taekvondo üzrə Dünya Çempionatına ev sahibliyi edəcək. “Ölkəmizdə keçirilən bu çempionat Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi və Dünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf etdiyindən bizim üçün xüsusi əhəmiyyət daşıyır. Yarışların təşkilində bütün texniki məsələlər nəzərdən keçirilib və hazırlıq işləri yüksək səviyyədə davam edir”, - deyə vitse-prezident bildirib.

Daha sonra Dünya Taekvondo Federasiyasının nümayəndəsi Məhəmməd Şaabana söz verilib. O Dünya Çempionatının Azərbaycanda keçirilməsinin çox yaxşı hal olduğunu bildirib. Onun fikrincə, burada idmana xüsusi qayğı və maraq mövcuddur: "Azərbaycana təşəkkürümüzü bildiririk. Bu çempionatın olimpiya oyunlarından öncə keçirilməsi çox önəmli məsələdir. Çünki hakimlərin seçimi məhz Bakıda keçirilən çempionatdan sonra baş tutacaq.

Yarış ərazisi ilə də tanış olduq, hər şeyi gözdən keçirdik. Hazırlıqlar planlaşdırıldığı kimi gedir. Qısası, işlər qaydasındadır".

Konfransda Taekvondo üzrə Dünya Çempionatının promo video çarxı, eləcə də rəsmi saytı təqdim olunub. Yenilənmiş sayt həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilib, ölkə taekvondosunun tarixi ilə bağlı məlumatlar zənginləşdirilib. İdmansevərlərin rahatlığını təmin etmək üçün müasir proqram təminatından istifadə olunub.

Saytın yenilənməsində əsas məqsəd Bakıda ilk dəfə keçiriləcək dünya çempionatıdır. Yarışın gedişində sayt vasitəsi ilə döyüşlərin canlı yayımı və onlayn hesabların verilməsi nəzərdə tutulub. Həmçinin gündəlik fotosessiyalar, maraqlı anların videosu paylaşılacaq.

Mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə

namizədliyini versə də, səsvermə ilə Azərbaycan qalib gəlib. Düzdür, son anda Bolqarıstan istəyini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatı, Qran-pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatını bizə həvalə edib. Mundial mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçiriləcək.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Bu səbəbdən də mundial əvvəlkilərdən fərqlənəcək və paytaxtımıza 3000-dək qonağın gəlişi gözlənilir. Dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olacaq. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında isə Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra 7-ci kimi tarixə düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti