...

1/4 finalın iki iştirakçısı bəlli oldu - Azərbaycan Kuboku

İdman Materials 18 Dekabr 2023 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Trend xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçı Tovuzda “Kəpəz” və “Sabah” komandaları arasında olub və məhsuldarlığı ilə yadda qalıb. Yeddi qolun vurulduğu görüşdə qonaqlar çətin qələbə qazanıblar – 4:3.

Meydan sahiblərinin heyətində Adama Niane het-trik edib. O, 36, 45 və 76-cı dəqiqələrdə fərqlənib. Bakılılardan isə qolları 14-cü dəqiqədə Vinsent Till, 23-cü dəqiqədə Cesse Sekidika, 39-cu dəqiqədə Emmanuel Apeh və 89-cu dəqiqədə Amin Seydiyev vurublar.

Günün digər oyununda isə “Sumqayıt” I Liqa təmsilçisi “Karvan”ı qəbul edib. Premyer Liqa klubuna layiqli müqavimət göstərən yevlaxlılar yalnız son dəqiqələrdə buraxılan qollarla uduzublar – 1:3. Hesabı 55-ci dəqiqədə meydan sahibləri açıblar. Kamran Əliyev adını tabloya yazdırıb.

Qonaqlar 65-ci dəqiqədə İzzət Müştaqovun qolu ilə tarazlığı bərpa ediblər. “Karvan” 82-ci dəqiqəyədək hesabı qoruya bilsə də, bundan artığına gücü çatmayıb. Erik Sorqa 82-ci, Rövlan Muradov isə 88-ci dəqiqədə aşağı liqa təmsilçisinin qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “Sabah” və “Sumqayıt” komandaları qələbə sayəsində adlarına 1/4 finala yazdırıblar.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 19-u, 20-si və 21-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti