...

Qeyri-neft sektoru üzrə ixrac 18 faiz artıb

İqtisadiyyat Materials 28 İyun 2019 15:37 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin ilk 5 ayında Azexport.az portalına 261,8 milyon dollar dəyərində ixrac sifarişi daxil olub.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyun sayında deyilir.

İcmalın təqdim olunan bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-may ayları ərzində ixrac 8,6 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard dollar və ya 17 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə isə 787 milyon dollar dəyərində ixrac reallaşdırılıb.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 119 milyon dollar və ya 18 faiz artıb. Bu ilin ilk beş ayı ərzində Rusiyaya 261,2 milyon, Türkiyəyə 180,8 milyon, Gürcüstana 76,9 milyon, İsveçrəyə 52,9 milyon və İtaliyaya 28,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2019-cu ilin ilk beş ayında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 17,2 faiz, Gürcüstana 16,7 faiz və İtaliyaya 2,3 dəfə artıb.

Cari ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına tomat (104,2 milyon dollar) liderlik edib. Bu siyahıda mahlıc (68,1 milyon dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (62 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti