Bakı. Nərgiz İsmayılova - Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədovun Trend İnformasiya Agentliyinə müsahibəsi
- Qlobal COVİD-19 pandemiyası fonunda dünya iqtisadiyyatında, o cümlədən, Azərbaycan iqtisadiyyatında müşahidə olunan proseslərlə əlaqədar SOFAZ-ın investisiya strategiyasına dəyişikliklər edilibmi və ya dəyişikliklərin edilməsi nəzərdə tutulurmu?
- Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin idarə edilməsi üzrə strategiyası onun həm indiki, həm də gələcək nəsillər qarşısında duran öhdəlikləri nəzərə alınmaqla orta və uzunmüddətli dövr üçün hesablanaraq tərtib edilir. Təbii ki, bununla yanaşı dünya iqtisadiyyatı, qlobal maliyyə bazarları, gələcək perspektivlər ciddi izlənilməklə müəyyən zaman intervallarında bu strategiyaya müvafiq dəyişikliklər edilir və bu Fondun İnvestisiya Siyasətində öz əksini tapır. Diqqətinizə çatdıraq ki, qeyd olunan məqamlar nəzərə alınaraq ARDNF tərəfindən risk-gəlirlilik profili üzrə kifayət qədər mühafizəkar strategiya seçilmişdir. Bunun da məntiqi nəticəsi olaraq, COVİD-19 pandemiyasının təsiri ilə dünya iqtisadiyyatında baş verən və digər institutsional investorların portfelində müşahidə olunan dəyişikliklər Fondun investisiya portfelinin gəlirliliyində və dayanıqlılığında ciddi səviyyədə hiss olunmamışdır. Təbii ki, cari vəziyyət hər zaman ciddi təhlil olunur və hazırki strategiyaya əhəmiyyətli şəkildə yenidən baxmağa zəmin yaranarsa, o zaman müvafiq dəyişikliklər baş verəcəkdir və bununla bağlı ictimaiyyətə vaxtında ətraflı məlumat veriləcəkdir.
- Potensial risklərin təsirinin minimuma endirilməsi məqsədilə Fond tərəfindən hansı strategiya tətbiq olunur?
Bildiyiniz kimi, ARDNF müxtəlif maliyyə aktivlərinə, o cümlədən fərqli coğrafi region və sektorlara yatırımlar etməklə investisiya portfelinin diversifikasiyasını təmin edir ki, bu da öz növbəsində valyuta vəsaitlərinin ümumi risklərinin minimallaşdırılmasına töhfə verir. Nəzərinizə çatdıraq ki, mümkün risklərin minimallaşdırılması ilə gəlirliliyin yüksəldilməsi ARDNF-nin investisiya strategiyasının əsasını təşkil edir. Belə ki, ARDNF tərəfindən daima investisiya portfelinin risk/gəlirlilik profilinin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür. Nümunə üçün biz bu ilə nəzər yetirsək, sabit gəlirli qiymətli kağızlar alt-portfelində yüksək kredit reytinqinə malik, daha az qiymət dəyişkənliyi riski ilə müşayiət olunan istiqrazların çəkisinin əhəmiyyətli şəkildə artırılmasının şahidi olarıq. Bununla yanaşı, digər maliyyə aktivləri üzrə investisiyaların həyata keçirilməsi də mövcud bazar konyukturası nəzərə alınmaqla reallaşdırılır.
Eyni zamanda 2020-ci il üzrə investisiya siyasətində valyuta səbəti üzrə avronun payı 35%-dən 20%-ə endirilmiş və əvəzində ABŞ dollarının çəkisi 50%-dən 65%-ə yüksəldilmişdir. Burada da əsas səbəb kimi avro bazarında uzun müddət davam edən aşağı və ya neqativ faiz dərəcələrinin, xüsusilə sabit gəlirli qiymətli kağızlar portfeli üzrə əlavə təhdidlər yarada bilməsini habelə, ARDNF-nin investisiya portfelinin valyuta bölgüsündə avro ilə ifadə olunan aktivlərin çəkisinin beynəlxalq maliyyə bazarlarında müvafiq nüfuzlu indekslərdəki, beynəlxalq valyuta ehtiyatlarındakı tutduğu çəki ilə nisbətdə daha yüksək olmasını misal göstərmək olar.
- 2020-ci ilin birinci yarısının nəticələrinə görə SOFAZ-ın aktivləri nə qədər olub? Artım müşahidə olunubmu?
- 2020-ci ilin ilk rübünün sonuna 41 349,5 milyon ABŞ dollarına bərabər olan ARDNF-nin aktivləri iyun ayının sonuna 1 873,8 milyon ABŞ dolları artaraq 43 223,3 milyon ABŞ dollarına bərabər olmuşdur.
- Fondun ayrı-ayrı aktivlər üzrə planları nədən ibarətdir?
- Məlum olduğu kimi ARDNF-nin müxtəlif aktivlər üzrə İnvestisiya Siyasətinə və Qaydalarına uyğun olaraq hazırlanmış investisiya strategiyası mövcuddur və müvafiq yatırımlar da məhz bu çərçivədə həyata keçirilir. Cari il ərzində yuxarıda da qeyd edildiyi kimi, məsələn sabit gəlirli qiymətli kağızlar alt-portfeli üzrə daha az bazar riskinə malik istiqrazların payının yüksəldilməsi hədəflənmişdir və ilin əvvəlindən başlayaraq bu istiqamətdə müvafiq yatırımlar edilir. 2020-ci il ərzində mövcud bazar konyukturasını nəzərə alaraq, ötən il olduğu kimi Fond birjada kotirovka olunan səhm investisiyaları üzrə hər hansı yeni yatırımlar həyata keçirməmişdir. Səhmlərə investisiya qoyan pay fondları (özəl səhmlər) üzrə isə ilin birinci yarısında nəzərdə tutulmuş investisiya strategiyası çərçivəsində dərin bazar şəraiti ciddi təhlil olunaraq müvafiq fonda yatırımları həyata keçirilmişdir. Daşınmaz əmak alt-portfeli üzrə də il ərzində yeni yatırımlarla bağlı müvəqqəti olaraq gözləmə mövqeyi seçilmişdir. Hal-hazırda isə dünya iqtisadiyyatında və qlobal maliyyə bazarlarında baş verən proseslər ARDNF tərəfindən ciddi şəkildə izlənilir və yalnız uyğun bazar mühiti müşahidə edildikdən sonra yuxarıda qeyd edilən maliyyə aktivləri üzrə yeni investisiya imkanları nəzərdən keçirilə bilər.
- Fondun vəsaiti bu il ərzində əsasən hansı sahələrə yönəldilir? Sosial proqramların maliyyələşdirilməsi ilə bağlı planlar nədən ibarətdir? 2020-ci ildə Fond tərəfindən hansı layihələrin maliyyələşdirməyi planlaşdırır?
- 2020-ci ildə ARDNF-nin büdcəsi çərçivəsində iki sosial layihənin - məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi həyata keçirilir, habelə dövlət büdcəsinə transfertin köçürülməsi təmin edilir. Belə ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə xərcləri 5 824,8 milyon manat təşkil etmişdir ki, bu xərclərin tərkibində dövlət büdcəsinə transfert ilə bağlı xərclər 5 675,0 milyon manat təşkil etmişdir. Eyni zamanda 2020-ci ildə Fond tərəfindən məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlər və "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi təmin edilir. Fondun büdcəsi çərçivəsində hər hansı digər sosial layihənin maliyyələşdirilməsi nəzərdə tutulmur.
- Fondun investisiya portfelində dövlət istiqrazlarının payı artacaqmı?
- Əvvəldə də qeyd edildiyi kimi, ARDNF tərəfindən 2020-ci ildə sabit gəlirli qiymətli kağızlar portfeli üzrə daha az qiymət dəyişkənliyi riski ilə səciyyələnən yüksək keyfiyyətli istiqrazların çəkisinin artırılması planlaşdırılmışdır. Bu məqsədlə də, ən uyğun alqı-satqı şərtləri ilə korporativ istiqrazların yüksək kredit reytinqli dövlət və dövlətə bağlı agentliklərin istiqrazları ilə əvəz edilməsi prosesi həyata keçirilir.