Bakı. Ceyhun Ələkbərov - Trend:
Altı aydır fəaliyyətsiz qalan idman zalları tək onları işlədən sahibkarlara ziyan vurmayıb, həm də professional idmanla məşğul olan insanlara mənfir təsir göstərib.
Bunu Trend-ə açıqlamasında pauerliftinq üzrə dünya çempionu Ceyhun Vəliyev deyib.
Onun sözlərinə görə, hazırda bir neçə idman növləri var ki, onlar zoom, və yaxud parklarda görüşərək keçirilir. Normalda idman zalarında gün ərzində 150 nəfərə yaxın insan məşq edirdisə, hazırda bunlardan yalnız 6-7 nəfəri distant dərslərə müraciət edirlər:
“Pandemiya idman sahəsinə həm maddi, həm də mənəvi zərbə vurub. Maddi tərəfi odur ki, normalda idman zallarında 4-5 müəllim olmaqla 150 nəfərə yaxın insan məşq edirdi. Elə məşqlər var ki, hazırda onları zoom vasitəsi ilə distant, yaxud ağır qantellər olmamaq şərti ilə parklarda keçirlər. Məşqlər bu cür keçirilsə də, müraciət edənlərin sayı xeyli azdır. Ümumi götürəndə belə məşqlərə 6-7 nəfər müraciət edir. Səbə isə odur ki, bunun effekti idman zalında olduğu kimi deyil.
Mənəvi tərəfinə gəldikdə isə, ağırqaldırma ilə professional şəkildə məşğul olan insanlar əldə etdikləri nəticəyə uzun illərdi gəlmişdilər. Bədəni formada saxlamaq üçün tək evdə, parklarda məşqlər etmək yetərli deyil. Bu cür vasitələr həvəskar idmançılara kömək ola bilər. Əldə olunan nəticəni isə geri qayatmaq üçün uzun zaman lazım olacaq. Misal üçün futbol ilə məşğul olan şəxslər bir ay məşq etdikdən sonra mütəmadi əvvəlki vəziyyətlərinə geri dönəcəklər, ancaq altı aydır ki, normal məşqlərindən kənar qalan professional ağır qaldırma ilə məşğul olanlar itirdiklərini ən azı 6-10 aya qaytara biləcəklər”.
C.Vəliyev qeyd edib ki, tələbələrini itirən bəzi idman müəllimləri var ki, onlar məcbur digər sahələrə getməli olublar:
“Bir neçə müəllim var ki, onlar fəaliyyətsiz qalmırlar. Bildirdiyim kimi, distant dərslərə müraciət edən şəxslər xeyli azdır bu səbəbdən müəllimlər digər sahələrə sahələrə üz tutublar. Ancaq bununla yanaşı məhz idamn zallarının açılmasını da gözləyən xeyli müəllim var”.