...

Azərbaycan əhalisi bu il ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib

İqtisadiyyat Materials 13 Noyabr 2020 20:41 (UTC +04:00)
Azərbaycan əhalisi bu il ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31 milyard 663,2 milyon manatlıq, o cümlədən 17 milyard 034,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14 milyard 628,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Trend-in məlumatına görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,5 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,0 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

2020-ci ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,1 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 24,0 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artmış, bazar və yarmarkalarda isə 17,5 faiz azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 317,4 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2,9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 170,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti