Bakı. Ceyhun Ələkbərov - Trend:
Regionda yeganə olan, neft və neft məhsullarının daşınmasında strateji əhəmiyyətə malik Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında 2020-ci ildə rekord sayda çən vaqonlar yuyulub. Bununla da dəmir yolu vasitəsi ilə neft və neft məhsullarının fasiləsiz və təhlükəsiz nəql edilməsi təmin edilib.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən bildiriblər. MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında 2020-ci ildə ümumilikdə 10917 ədəd çən vaqonu yuyulub ki, bu da 2019-cu illə müqaisədə 87% artım deməkdir. 2019-cu ildə bu göstərici 5818 səviyyəsində olmuşdur. 2019-cu ildə yuyulan vaqonların sayı orta hesabla ayda 450-550 arasında dəyişirdisə, 2020-ci ildə artıq orta aylıq göstərici 850-950 arasında qeydə alınıb. Ən yüksək göstərici isə ötən ilin sentyabr ayında qeydə alınıb. Həmin ayda 1417 ədəd çən vaqonu buxarla yuyularaq, istismara hazır vəziyyətinə gətirilmişdir.
Qeyd edək ki, yuyulan vaqonlarının sayının artması, Yuyucu-Buxarlayıcı stansiyada aparılan yenidənqurma işləri nəticəsində tətbiq edilən müasir texnologiyaların sayəsində mümkün olub. Burada aparılan yenidənqurma işlərindən sonra stansiyada bütün prosseslər tam avtomatlaşdırılıb.
Bununla yanaşı, koronavirus pandemiyası şəraitində stansiyanın işinin səmərəli təşkili üçün “ADY Express” MMC tərəfindən burada xüsusi iş rejimi təşkil edib. Stansiyada növbəli iş rejimi tədbiq edilib, vaxtı-vaxtında dezinfeksiya işləri aparılır. Bununla da şirkət Azərbaycan dəmir yollarında neft və neft məhsullarının daşınması prosesinin, təhlükəsiz şəraitində həyata keçirilməsinə öz tövhəsini vermiş olur.