Bakı. Humay Ağacanova -Trend:
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) olaraq Azərbaycanda olan şöbəmiz 4 ildir fəaliyyət göstərir və 60 üzvümüz var. İlkin mərhələdə hədəfimiz üzv sayını 200-ə daha sonra 500-ə çatdırmaqdır.
Bu barədə Trend-ə açıqlamasında MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı bildirib.
O qeyd edib ki, MÜSİAD 31 illik tarixə malik, Türkiyədə 89 şöbədə, xarici ölkələrdə isə 255 əlaqə nöqtəsi olan , on bir mindən çox üzvə sahib bir dərnəkdir:
“Yaxın tarixdə Qarabağın azad olunmasının şahidi olduq. Yeni mərhələdə Qarabağın iqtisadi cəhətdən dirçəldilməsinə türk iş adamları və sahibkarları olaraq öz töhfəmizi vermək istəyirik. Bu məqsədlə Bakıda 25-ci Beynəlxalq Biznes Forum (İBF- İnternational Business Forum) keçiriləcək. Türkiyədən 500-dən çox iş adamı bu forumda iştirak edəcək .Ümid edirik ki bu forum sayəsində Azərbaycanın inkişafı üçün əlverişli layihələr ərsəyə gələcək.
Məqsədimiz çox qısa müddətdə Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini on beş milyard dollar səviyyəsinə çatdırmaqdır”