Bakı. Trend:
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və MediaOst arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Trend-in məlumatına görə, memorandum AQSİA-nın sədri Səkinə Babayeva və MediaOst-un direktoru Anna Leonenko tərəfindən Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumunun açılışında imzalanıb.
Assosiasiyanın sədri Səkinə Babayeva imzalama mərasimində "Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu" layihəsinin "MediaOst Events und Kommunikation GmbH", Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Beynəlxalq Qadın və Sosial Sahibkarlığın İnkişafı Mərkəzi (WEIA) tərəfindən keçirildiyini və ölkələr arasında qarşılıqlı münasibətlərin parlaq nümunəsi olduğunu qeyd edib.
Hazırkı Anlaşma Memorandumunun məqsədi tərəflər arasında əməkdaşlıq üçün əsas formalaşdırmaq və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqdan ibarətdir.
Memoranduma əsasən, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və "MediaOst Events und Kommunikation GmbH" ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və kommunikasiyanın aktivləşməsi məqsədilə Azərbaycan və Almaniyanın vətəndaş cəmiyyətləri arasında münasibətlərin müəyyən edilməsi və inkişafı istiqamətində birgə çalışacaq.