...

Yaxın vaxtlarda Xankəndidə tekstil istehsalı müəssisəsi açılacaq - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 22 Avqust 2024 12:02 (UTC +04:00)
Yaxın vaxtlarda Xankəndidə tekstil istehsalı müəssisəsi açılacaq - Mikayıl Cabbarov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılması gözlənilir.

Trend-in cümə axşamı verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən özbək-azərbaycan biznes forumu zamanı bildirib.

“Yaxın zamanda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsinin açılması gözlənilir. Bu investisiya layihəsi özbək şirkəti tərəfindən həyata keçirilir,” - deyə nazir vurğulayıb.

Nazir, həmçinin, Azərbaycan və Özbəkistan iqtisadiyyatlarının sürətlə inkişaf etdiyini qeyd edib.

“Azərbaycan sahibkarlarının Özbəkistanda aktiv fəaliyyətə marağının əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik. Qarşılıqlı maraq özbək biznesmenləri tərəfindən də artır ki, bu da bizi çox sevindirir. Əvvəlki illərdə vurğuladığımız kimi, indi bizim birgə emissiya alətimiz var və inanıram ki, zaman keçdikcə onun müsbət təsirini daha çox görəcəyik,” - deyə o əlavə edib.

Xatırladaq ki, hazırda Özbəkistanda 62-si birgə müəssisə olmaqla, Azərbaycan kapitallı 236 müəssisə fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 70 özbək şirkəti aktiv fəaliyyət göstərir.

Ümumilikdə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 118,2 milyon ABŞ dollarını keçib.

Xəbər lenti

Xəbər lenti