Bakı. Trend:
Tunis beynəlxalq ictimaiyyəti xüsusilə inkişaf etməkdə olan ölkələrə qabaqcıl texnologiyaların ötürülməsi sahəsində qlobal səyləri artırmağa çağırır.
Trend xəbər verir ki, bunu Tunis Respublikasının ətraf mühit naziri Habib Abid COP29 sammitində çıxışı zamanı bildirib.
"İstixana qazı emissiyalarına görə ən böyük məsuliyyət daşıyan sənaye baxımından inkişaf etmiş ölkələr, qlobal iqlim məqsədlərinə dəstək olmaq üçün daha əhəmiyyətli maliyyə yardımları təqdim etməlidir", - deyə o qeyd edib.
Nazir Tunisin iqlim dəyişikliklərinin güclənən təsirləri qarşısında həssaslığını vurğulayaraq, emissiyaların azaldılması və iqlim böhranlarından ən çox zərər çəkmiş ölkələrə yardım göstərilməsi üçün kollektiv qlobal tədbirlərin təcili olduğunu bildirib.
"BMT-nin İqlim Dəyişikliyi çərçivə Konvensiyasının qəbul edilməsindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, mənfi təsirlər sürətlə artmağa davam edir. Ekstremal hava hadisələri — daşqınlar, quraqlıqlar, dəniz səviyyəsinin yüksəlməsi — təkcə ekoloji deyil, həm də iqtisadi və sosial çətinliklərlə üzləşən dövlətlər və cəmiyyətlər üçün sabitliyə təhlükə yaradır", - deyə H.Abid vurğulayıb.
Qlobal istixana qazı emissiyalarının yalnız 0,07 faizinə görə məsuliyyət daşıyan Tunis, su çatışmazlığı, məhsuldarlığın azalması və ərzaq təhlükəsizliyinə təhdid kimi iqlim dəyişikliyinin ciddi nəticələrini yaşayır.
H.Abid bu problemlərin Tunisin təbii resurslardan yüksək dərəcədə asılı olan iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib.
"Bizim kənd təsərrüfatımızın əsasını təşkil edən torpaq və su ehtiyatlarımız böyük təzyiq altındadır. Temperaturun artması və yağıntıların azalması yalnız iqtisadiyyata deyil, həm də əhalinin sağlamlığına və ümumi sabitliyə təsir edir", - deyə nazir bildirib.
Tunis iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin yumşaldılması üçün hərtərəfli strategiyalar hazırlayıb. Bu strategiyalara bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, deqradasiyaya uğramış ekosistemlərin bərpası və ekoloji təmiz texnologiyalar sahəsində innovasiyaların stimullaşdırılması daxildir.
Lakin H.Abid qeyd edib ki, etibarlı beynəlxalq dəstək olmadan milli səviyyədə göstərilən səylər kifayət deyil.
"Bu, ədalət məsələsidir", - deyə o, iqlim ədalətinin əhəmiyyətini vurğulayıb.
"Qlobal həmrəylik və ədalətli maliyyə töhfələri əhəmiyyətli irəliləyiş əldə etmək üçün vacibdir", - Habib Abid.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.