Bakı.Trend:
Həm Bosniya və Herseqovina, həm də Azərbaycan son dərəcə əlverişli coğrafi mövqeyə malikdir ki, bu da hər iki ölkənin iqtisadiyyatlarının mühüm müqayisəvi üstünlüyü sayılır.
Bunu Trend-ə özəl müsahibəsində Bosniya və Herseqovina rəyasət heyətinin sədri Jelka Sviyanoviç bildirib.
Hər iki ölkənin coğrafi şəraitindən qaynaqlanan strateji üstünlüklərindən söz açan Sviyanoviç, regional ticarətin inkişafında onların mühüm potensiala malik olduğunu diqqətə çatdırıb.
Sviyanoviç eyni zamanda, Orta Dəhlizin artan əhəmiyyətinə diqqət çəkib və bildirib ki, Bosniya və Herseqovina Azərbaycandan daxil olan mallar üçün, o cümlədən Mərkəzi və Qərbi Avropaya daha geniş ticarət axınları üçün mərkəzi paylayıcı qovşağa çevrilmək potensialı daşıyır.
O vurğulayıb ki, bu potensialın gerçəkləşməsi üçün infrastrukturun əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə ehtiyac var.
“Bu istiqamətdə əsas şərt müasir və yeni nəqliyyat marşrutlarının inşasını da əhatə edən infrastruktur əlaqələrinin yaxşılaşdırılmasıdır. Bu, malların Bosniya və Herseqovina üzərindən daha sürətli və iqtisadi cəhətdən səmərəli şəkildə daşınmasına imkan verəcək,” – deyə Sviyanoviç bildirib.
“Biz bu layihələrinin yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid bəsləyirik”, - deyə Sviyanoviç sonda bildirib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.