Bakı. Trend:
Almaniyanın “FrigorTec” şirkəti Azərbaycanda taxılın soyudulması sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensial görür.
Bunu Trend-ə Almaniynaın “FrigorTec” şirkətinin satışlar üzrə meneceri Eduard Lixtenberq Bakıda keçirilən sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") çərçivəsində verdiyi açıqlamada bildirib.
“FrigorTec" Almaniyada mərkəzləşən bir şirkətdir. Bütün avadanlıqlarımızı yalnız öz zavodumuzda istehsal edir və sınaqdan keçiririk. Məhsullarımızı 80-dən çox ölkəyə ixrac edirik. Biz təkcə taxıl soyutması üzrə deyil, eyni zamanda, sənaye taxıl anbarlarında və elektrik şkaflarında havanın kondisiyalaşdırılması üzrə də ixtisaslaşmışıq. Azərbaycan üçün hər iki istiqamət maraq doğurur. Ölkənizlə uğurlu əməkdaşlıq quracağımıza ümid edirik”, – deyə o bildirib.
Şirkət nümayəndəsinin sözlərinə görə, “FrigorTec” ötən ildən etibarən Azərbaycan bazarında imkanlar axtarır və artıq yerli tərəfdaş tapıb.
“Ümid edirik ki, ilk sifarişimizi bu il ərzində alacağıq və gələcəyə nikbinliklə baxırıq. Azərbaycanla taxıl soyutması sahəsində əməkdaşlıq üçün ciddi potensial mövcuddur. Bu, bizim üçün, doğrudan da, böyük və perspektivli bir bazardır”, – deyə o vurğulayıb.