Bakı. Trend:
Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə tranzit haqqında sazişin imzalanmasından bəri “KazMunayGaz” və SOCAR-ın törəmə şirkətləri (“Kazmortransflot” və ASCO) paritet əsaslarla təxminən 3,4 milyon ton Qazaxıstan neftini nəql ediblər.
Trend bu barədə “KazMunayGaz”a istinadən xəbər verir.
Şirkətin məlumatına əsasən, bu məsələ “KazMunayGaz”ın İdarə Heyətinin sədri Asxat Xasenov ilə SOCAR-ın Prezidenti Rövşən Nəcəf arasında Astanada keçirilən görüşdə müzakirə olunub.
Tərəflər karbohidrogenlərin nəqlinin cari vəziyyətini və perspektivlərini, həmçinin rəqəmsallaşma və sənaye təhlükəsizliyi sahəsində əməkdaşlığı nəzərdən keçiriblər.
Qeyd olunub ki, “KazMunayGaz”, SOCAR, “Tatneft” və “Özbəkneftqaz” arasında imzalanmış dördtərəfli memorandumlar çərçivəsində mütəxəssislər istehsalatda rəqəmsal həllərin tətbiqi üzrə təcrübə mübadiləsi aparırlar. Bundan əlavə, şirkətlər əməyin mühafizəsi və texnogen fövqəladə hallara operativ reaksiya tədbirlərini birgə həyata keçirirlər.
“KazMunayGaz”da bildirilib ki, şirkət Qazaxıstan və Azərbaycanın tranzit potensialının inkişafına, habelə Qazaxıstan neftinin beynəlxalq bazarlara ixracının artırılmasına yönəlmiş SOCAR-la strateji əməkdaşlığın gücləndirilməsinə sadiqdir.