Astana. Trend:
Qazaxıstanın paytaxtı Astana şəhərində “Digital Bridge 2025” forumu öz işinə başlayıb. Forum rəqəmsallaşma, innovativ texnologiyalar və beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunub və “Dayanıqlı inkişaf naminə rəqəmsal transformasiya” şüarı altında keçirilir.
Trend-in xüsusu müxbiri xəbər verir ki, Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi ilə Beynəlxalq İnformasiya Texnologiyaları İttifaqının birgə təşkil etdiyi yüksək səviyyəli forumda 80-dən çox ölkənin IT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatlar və analitik mərkəzlərin nümayəndələri, həmçinin rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində aparıcı ekspertlər iştirak edirlər.
Forumun proqramına plenar iclaslar, mövzu sessiyaları, yüksək səviyyəli dialoqlar, master-klaslar (ustad dərsləri) və rəqəmsal texnologiyalar sahəsində gənc mütəxəssislər və tədqiqatçılar üçün seminarlar daxildir.
Qeyd edək ki, “Digital Bridge” forumu qlobal və regional rəqəmsallaşma problemlərinin, süni intellektin və yeni texnologiyaların inkişafının müzakirəsi üçün platformadır və hökumət, biznes, elmi dairələr və sahə ekspertlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilir.