Bakı. Trend:
Bakıda “Halal Business Forum” forumunun ikinci günü start götürüb.
Trend xəbər verir ki, forumda Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal, Vyetnam Milli Sahibkarlıq Assosiasiyasının təsisçisi və sədri Dinh Viet Hoa, Qafqaz Tarixi Mərkəzinin (Azərbaycan) direktoru Rizvan Hüseynov və digər rəsmi şəxslər, eləcə də şirkət nümayəndələri çıxış edəcəklər.
Forumda aşağıdakı mövzular müzakirə olunacaq: Qlobal yaşıl keçid diskursunda KOB-ların rolunun artırılması; KOB-ların “yaşıl keçidi” üzrə Bakı İqlim Koalisiyası haqqında birgə bəyannamə; Qafqaz və Mərkəzi Asiyada halal turizmin inkişafında tarixi irsin rolu; Halal sənayesinin inkişafında qadınların rolu.
Forumda çıxış edən AİB-nın Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal bəyan edib ki, Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “yaşıl” keçidi və kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyir.
Onun sözlərinə görə, 58 il əvvəl əsası qoyulmuş və 69 üzv dövləti birləşdirən AİB bütün Asiya regionunda Kiçik və Orta Biznesin inkişafını aktiv şəkildə dəstəkləməyə davam edir və onları milli iqtisadiyyatların dayağı sayır.
“Bu ifadə Azərbaycan üçün də keçərlidir. Mən burada 30 mütəxəssisdən ibarət bir komandaya rəhbərlik edirəm. Komandamız özəl sektorun genişlənməsi və kiçik və orta biznesin dəstəklənməsi üzərində çalışır”, -deyə Sunniya Durrani-Camal qeyd edib.
“Bilişim Vadisi”nin baş meneceri Erkam Tüzgen isə bildirib ki, Türkiyənin “Bilişim Vadisi” şirkəti “yaşıl” keçid sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir.
“Artıq Azərbaycanda bir sıra layihələrimiz var — oyun düşərgələri təşkil etmişik, Anlaşma Memorandumu imzalamışıq, dünən isə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yeni memorandum bağladıq. Xüsusilə “yaşıl keçid”lə bağlı istiqamətlərdə aktiv fəaliyyət göstərməyi planlaşdırırıq”,- deyə Erkam Tüzgən vurğulayıb.
Onun sözlərinə görə, “Bilişim Vadisi” həmçinin Azərbaycandakı digər təşkilatlarla da əməkdaşlıq münasibətlərinə malikdir və bu əlaqələri daha da genişləndirmək niyyətindədir.
Daha sonra Pakistanın Standartlaşdırma və Keyfiyyətə Nəzarət İdarəsinin Halal Tədarük Zənciri üzrə Komitənin sədri Muhəmməd Abubakar deyib ki, halal kiçik və orta biznes (KOB) subyektləri 2040-cı ilədək “yaşıl” keçidin liderlərinə çevrilə bilərlər.
Onun sözlərinə görə, halal kiçik və orta sahibkarlıq subyektləri – təkcə biznes deyil, onlar gələcək nəsillər üçün dayanıqlığın, etikanın və uzunmüddətli dəyərlərin keşikçiləridirlər.
Abubakar qeyd edib ki, halal KOB subyektləri biznesin 90 faizini təşkil edir, 70 faiz məşğulluq yaradır və qlobal emissiyaların 50 faizinə səbəb olur. Bu da onları etika, ticarət və iqlim diplomatiyası sahələrinin mərkəzinə çevirir.
Xəbər yenilənəcək