Bakı. Trend:
Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 141,1 milyon əməliyyat aparılıb və bu əməliyyatların ümumi həcmi 7,8 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əvvəlki ay ilə müqayisədə əməliyyatların sayı 39,3 milyon və ya 38,6 faiz, əməliyyatların həcmi isə 1,6 milyard manat və ya 25,6 faiz artıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “Visa” kartları ilə aparılan əməliyyatların sayı 1,1 milyon, ümumi həcmi isə 88,6 milyon manat olub.
Qeyd edək ki, rezident kartlarla əməliyyat dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyat isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyaları əhatə edir.
