Bakı. Trend:
Cari ilin oktyabr ayının sonuna olan məlumata görə, Azərbaycan rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) vasitəsilə ümumilikdə 79,2 milyon əməliyyat aparılıb və bu əməliyyatların ümumi həcmi 5 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əvvəlki ay ilə müqayisədə əməliyyatların sayı 9,1 milyon (13 faiz) artıb, əməliyyatların həcmi isə 149 milyon manat (3,1 faiz) çoxalıb.
Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı 441,2 min, ümumi həcmi isə 45,1 milyon manat olub.
Qeyd edək ki, rezident kartlarla əməliyyat dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyat isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyaları əhatə edir.
