...

Listinq tələblərində dəyişiklik mikromaliyyə təşkilatlarının bazara çıxışını asanlaşdırır və investorları qoruyur - BFB

İqtisadiyyat Materials 29 Yanvar 2026 11:31 (UTC +04:00)
Listinq tələblərində dəyişiklik mikromaliyyə təşkilatlarının bazara çıxışını asanlaşdırır və investorları qoruyur - BFB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Fond Birjası” QSC (BFB) mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbin 500 min manata endirilməsi ilə bağlı müvafiq qərarını şərh edib.

BFB-nin İdarə Heyətinin üzvü Oqtay Qasımov Bakıda keçirilən Mikromaliyyə Forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, mikromaliyyə təşkilatlarının bazara çıxışını asanlaşdırmaq və investorların hüquqlarını daha effektiv qorumaq məqsədilə listinq tələblərində dəyişiklik edilib.

Onun sözlərinə görə, indiyədək bəzi mikromaliyyə təşkilatlarının həyata keçirdiyi istiqraz emissiyalarının həcmi bir milyon manata çatmadığı üçün listinqə düşmək mümkün olmurdu:

“Bizdə elə emissiyalar olurdu ki, mikromaliyyə təşkilatları bazara çıxış edərək müəyyən həcmdə vəsait yerləşdirirdilər. Lakin bəzi hallarda bu məbləğ bir milyon manata çatmadığı üçün listinq mümkün olmurdu. Nəticədə həmin istiqrazları alan investorlar listinqdə olmadıqlarına görə vergi güzəştlərindən yararlana bilmirdilər”.

Oqtay Qasımov qeyd edib ki, listinq mexanizmi həm də şəffaflığın və məlumat açıqlığının təmin olunması baxımından vacibdir:

“Listinqdə olan şirkətlər üçün açıqlanması məcburi olan məlumatlar var. Listinqə düşməyən şirkətlər isə bu məlumatları paylaşmaq öhdəliyi daşımırlar. Biz şirkətləri listinqə almaqla, eyni zamanda investorları da qoruyuruq. Çünki listinq qaydalarına əsasən, emitentlər maliyyə hesabatlarını və digər vacib məlumatları açıqlamalıdırlar”.

O, əlavə edib ki, açıqlanan bütün məlumatlar Bakı Fond Birjasının rəsmi internet saytında investorlar üçün açıq şəkildə yerləşdirilir:

“Saytımızda "bazara baxış" bölməsi mövcuddur. Həmin bölmədə listinqə düşən emitentlərin adları və onlar barədə ətraflı məlumatlar dərc olunur. İnvestorlar həm maliyyə hesabatları baxımından, həm də istiqrazlar üzrə keçirilən birja əməliyyatlarını daha sıx izləyə bilirlər”.

Qeyd edək ki, Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal listinq tələbinin məbləğini 500 min manata endirib. Dəyişiklikdən əvvəl borc bazarı seqmentində nominal minimal tələb bir milyon manat təşkil edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti