Bakı. Trend:
Azərbaycanda maliyyə inklüzivliyinin artırılması və rəqəmsallaşmanın növbəti mərhələdə sürətli artımına nail olunması hədəflənir. 2023-cü ilin sonuna istehlakçı–biznes ödənişləri üzrə 32% olan rəqəmsallaşma səviyyəsinin 2027-ci ilədək təxminən iki dəfə artacağı proqnozlaşdırılır. Eyni dövrdə KOB-lar arasında biznes–biznes ödənişlərinin rəqəmsallaşma səviyyəsinin isə 5–10%-dən 15–20%-ə yüksələcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə “Mastercard”ın Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədində bildirilib.
Sənəddə qeyd edilib ki, Azərbaycan xüsusilə istehlakçı ödənişlərinin rəqəmsallaşdırılması sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edib:
“2023-cü ildə bu göstərici 32% təşkil edirdi və proqnozlara əsasən, 2024-cü ilin sonuna qədər 38%-ə yüksələcəyi gözlənilirdi. 2017-ci ildə Mastercard ilə birgə başladılan “Nağdsız Azərbaycan” təşəbbüsü, xüsusilə son bir neçə ildə istehlakçı ödənişlərinin rəqəmsallaşdırılmasının sürətlənməsində həlledici rol oynayıb. Bu təşəbbüslərin uğurla icrası və maraqlı tərəflərin səmərəli dəstəyi nəticəsində Azərbaycan rəqəmsal transformasiya sahəsində mühüm addımlar atıb.
Bununla belə, xüsusilə istehlakçı ödənişləri ilə yanaşı, KOB (kiçik və orta biznes) ödənişlərinin rəqəmsallaşdırılması istiqamətində hələ də əhəmiyyətli inkişaf potensialı mövcuddur. Bu iki sahə arasında sinerjinin yaradılması Azərbaycana rəqəmsal ödənişlər üzrə regional liderliyə iddialı olmağa imkan verə bilər”.
Məlumatda xatırladılıb ki, 2017-ci il təşəbbüsünün davamı olaraq, 2024-cü ildə həyata keçirilən “Azərbaycanda Rəqəmsallaşmanın Növbəti Dalğası” adlı tədqiqat ödənişlərin rəqəmsallaşdırılmasının daha da sürətləndirilməsini və kreditləşmənin genişləndirilməsini hədəfləyib:
“Tədqiqat həm istehlakçılar, həm də KOB-lar üzrə istehlakçı–biznes (C2B) və KOB-lar arası biznes–biznes (B2B) ödəniş axınlarını seqmentləşdirərək, hər bir seqmenti istifadə olunan ödəniş üsulları və davranışlar üzrə təhlil edib və ölçüləndirib.
Rəqəmsal olmayan ödənişlərdən yüksək asılılıq müşahidə olunan seqmentlərdə mövcud çətinliklərin əsas səbəblərini müəyyənləşdirmək üçün 15-dən çox əsas istiqaməti əhatə edən diaqnostik təhlil aparılıb. Tədqiqat çərçivəsində bazar mənzərəsinin qiymətləndirilməsi, bazar sorğuları, fokus qruplar, maraqlı tərəflərlə müsahibələr, “mystery shopping” metodları və "Mastercard Advisors"un Azərbaycanın iqtisadi dinamikası üzrə dərin biliklərindən istifadə olunub”.
Qeyd edilib ki, diaqnostik mərhələdən sonra təşəbbüslərin qiymətləndirilməsi aparılıb, bu çərçivədə Azərbaycanın rəqəmsallaşma yoluna oxşar inkişaf mərhələsində olan 40-dan çox ölkədən 60-dan artıq təşəbbüs nəzərdən keçirilib:
“Onlardan 22 təşəbbüs Azərbaycan üçün yüksək dərəcədə uyğun hesab edilib və onların icrası üzrə ətraflı yol xəritələri hazırlanıb. Bu proses rəqəmsallaşmanın növbəti dalğasının irəlilədilməsi üçün əsas strategiyanı və praktik addımları müəyyən edib”.
