Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanla heyvandarlıq və kənd təsərrüfatı sahələri üzrə yeni əməkdaşlıq üçün mövcud potensialı araşdırır.
Bunu Trend-ə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin İqtisadiyyat departamentinin direktoru Dahi Yusif Əl-Mansuri deyib.
"Biz bura Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində mövcud imkanları araşdırmaq üçün gəlmişik. Məqsədimiz iki ölkə arasında ixrac və idxal imkanlarını dəyərləndirmək, qarşılıqlı faydanı necə artıra biləcəyimizi müəyyənləşdirməkdir. Bununla bağlı konkret planlar və investisiya imkanları da bizi maraqlandırır", - o bildirib.
Nazirlik rəsmisi vurğulayıb ki, əsas maraq dairələri heyvandarlıq və kənd təsərrüfatı sahələridir:
"Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq üçün mövcud potensialı öyrənmək istəyirik. Ola bilsin ki, ölkəmizin bəzi məhsulları Azərbaycan bazarı üçün maraqlıdır, yaxud əksinə, Azərbaycanın məhsulları bizim üçün cəlbedici ola bilər.
Biz bu səfərə məhz bu məqsədlə başlamışıq və Azərbaycanla hansı sahələrdə və necə əməkdaşlıq edə biləcəyimizi araşdıracağıq".
