Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir N.İsmayılova/ Almaniyanın Texniki Yardım Cəmiyyəti (GTZ) və Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb, - GTZ - nin Bakı ofisindən cümə günü bildiriblər.
Memorandumda tərəflərin sənəddə müəyyən edilmiş layihələrin realizəsi üzrə əsas fəaliyyət istiqamətləri müəyyən edilib. Bu memorandum Azərbaycan və Almaniya arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə də yardım edəcək.
"Şübhəsiz, bizim əməkdaşlığımız tez-tez baş verən təbii fəlakətlərin bilavasitə təsiri altında yerləşən rayonlarda yerli əhalinin müdafiəsinin təmin edilməsinə yardım edəcək", - layihə üzrə məsləhətçi Henninq Hillmer bildirib.
Nəzərdə tutulmuş sınaq layihənin yerinə yetirilməsi üçün Azərbaycan FHN seçimini Böyük Qafqazın cənub yamacındakı Balakən, Şəki və Qəbələ rayonları üzərində saxlayıb. Layihəni 2008-2009 - cu illər ərzində həyata keçirmək planlaşdırılır.
Layihədə nəzərdə tutulmuş tədbirlər yerli əhalinin müasir xəbərvermənin təmin edilməsi, təbii fələakətlərdən irəli gələn fövqəladə hallara (FH) hazırlıq və səmərəli reaksiya göstərmək potensialının yaradılması və inkişaf etdirilməsinə yönəlib. Layihə bütün səviyyədə maraqlı tərəflərə qabaqcadan xəbərvermə sisteminin üstünlüklərindən istifadəyə imkan verəcək.
Layihə üzrə işlər yerli əhalinin bilavasitə iştirakı ilə qabaqcıl texnologiyalardan istifadə edilməklə yerinə yetiriləcək. Regiondakı mövcud FH risklərinin təhlili və inventarlaşdırılması aparılacaq. Təhlil və inventarlaşdırmanı nəzərə almaqla, yaxınlaşan təhlükə haqqında müasir məlumatlandırma sistemini yaratmaq və yerlərdə mümkün təbii fəlakətlərə hazırlığı təmin etmək planlaşdırılır.
GTZ və Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın əsası 2007-ci ildə qoyulub.