Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir A.Bədəlova/
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı bərk məişət tullantılarının vahid idarəedilməsi layihəsinin həyata keçirilməsinə başlayıblar, bu barədə müqavilə may ayında imzalanıb.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin qeyd etdiyi kimi, "Abşeron ekologiyasının bərpası" layihəsi çərçivəsində həyata keçirilən bərk məişət tullantılarının vahid idarəedilməsi layihəsi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə əsasən, layihənin ümumi dəyəri 41,5 milyon dollar təşkil edir. Bu vəsaitin 29,5 milyon dolları Dünya Bankı, 12 milyon dolları isə Azərbaycan hökuməti tərəfindən təqdim olunacaq.
Layihənin idaetmə qrupunun rəhbəri, İqtisadi İnkişaf Nazirliyinin baş məsləhətçisi Sahil Babayevin sözlərinə əsasən, layihə 5 komponentdən ibarətdir:
- İnstitusioanal islahatlar, potensialın yaradılması və layihənin idarə olunması. Bu komponentin dəyəri 6,68 milyon dollar təşkil edir. O, DB-nin vəsaiti hesabına maliyyələşdiriləcək.
- Balaxanı poliqonun təkmilləşdirilməsi. Bu komponentin dəyəri 10,71 milyon dollar təşkil edir (kredit hesabına).
- Digər zibilliklərin bərpası. Dəyəri 6,4 milyon dollar təşkil edir (kredit hesabına).
- Tullantıların yığılması üçün avadanlıqların təmin edilməsi. Dəyəri 1,5 milyon dollar (hökumət hesabına maliyyələşdiriləcək).
- Layihənin həyata keçirilməsindən sonra investisiyaların texniki hazırlığı. Dəyəri 1,9 milyon dollar (kredit hesabına).
Layihənin həyata keçirilmə müddəti beş ildir.