Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir N.İsmayılova/
2010-cu ildə BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə Xüsusi Proqramının (SPECA) üzv ölkələrinə donor yardımının həcmi 40 milyard dollar səviyyəsində gözlənilir. Bu barədə çərşənbə günü Bakıda keçirilən SPECA üzv ölkələrinin nazirlərinin ikigünlük konfransında Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov deyib. SPECA-nın proqramı Asiya ölkələri, eləcə də Əfqanıstan və Azərbaycan üçün nəzərdə tutulub.
"2007-ci ildə bu ölkələr üçün donor yardımı 25,4 milyard dollar təşkil edirdisə, cari ildə bu rəqəm 40 milyard dollara çata bilər", - Səfərov qeyd edib.
Onun sözlərinə görə, regionda ticarətin rolunun artırılması məqsədi ilə üç istiqamətdə iş aparılır: milli istehsal potensialının genişləndirilməsi, transsərhəd əməkdaşlığı və ticarətin çoxtərəfli sisteminin inkişafı.
Konfrans zamanı Səfərov xammal ixracının həcminin azaldılması istiqamətində işləməyi də təklif edib.
"Azərbaycan SPECA ölkələrini regionun rolunun artırılması və biznes-mühitin yaxşılaşdırılması məqsədi ilə daha sıx əməkdaşlığa çağırır", - nazir müavini bildirib.
BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional mərkəzinin direktoru Jens Vandelin sözlərinə görə, SPECA ölkələri ilə mal dövriyyəsinin artırılması yaxşı göstəricidir, çünki ticarət öz növbəsində ticarətin mühərriki olan kiçik və orta sahibkarlığın inkişafı üçün qapıdır.
BMT-nin Avropa iqtisadi komissiyasının icraçı direktoru Andrey Vasilev qeyd edib ki, region təbii ehtiyatlardan asılıdır və SPECA ölkələrinin ticarət investisiyaları vasitəsilə istehsalatın artırmasına və müasir texnologiyaların tətbiqinə yönələ biləcək xarici investisiyaların cəlb edilməsini genişləndirmək üçün imkanlar açılır.
"Çox vacibdir ki, region ölkələri texniki yardımdan istifadə üçün öz səylərini birləşdirsinlər. Bunun vasitəsilə ümumi ticarət potensialını təkmilləşdirmək olar. Biz Azərbaycanın məsələlərin müzakirəsi üzrə təklifini və SPECA ölkələrinin Ümumdünya Ticarət Təşkilatına daxil olmaları üzrə təşəbbüslərini dəstəkləyirik. Bu, ölkələrə öz ixrac potensialını artırmağa imkan verə bilər", - Vasilev qeyd edib.