...

Bu ölkədə Ebola epidemiyası elan olunub

Dünya xəbərləri Materials 15 Sentyabr 2025 14:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının Kasay əyalətində yeni Ebola epidemiyası elan olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, virusa ilk yoluxma halı avqustun 20-də qeydə alınıb. 34 yaşlı hamilə qadın xəstəxanaya yerləşdirilsə də, beş gündən sonra dünyasını dəyişib. Onu müalicə edən iki tibb işçisi də virusa yoluxub və çox keçmədən həyatlarını itiriblər. Sentyabrın 15-ə olan göstəriciyə əsasən, artıq bölgədə 81 təsdiqlənmiş yoluxma halı və 28 ölüm qeydə alınıb. Qurbanların 4-ü səhiyyə sektorunun işçiləridir.

Qeyd edək ki, Demokratik Konqo Respublikasında buna qədər 15 dəfə Ebola epidemiyası olub: ən yüksək itkilər 2019 və 2022-ci ildə qeydə alınıb.

Ebola virusu ilk dəfə 1976-cı ildə Ebola çayı (Zair, indiki Konqo) yaxınlığında yerləşən kənddə qeydə alınıb. Virusun əsas daşıyıcısı yarasalardır. İnsanlar əsasən yarasalar, şimpanze, antelop və oxlu kirpi kimi heyvanlarla təmasdan sonra bu ölümcül xəstəliyə yoluxublar.

Yoluxduqdan sonra simptomlarının üzə çıxması 2 gündən 21 günə qədər çəkə bilir. Əsas simptomlar, qızdırma, süstlük, əzələ ağrıları, baş ağrıları, boğazın qızarması, fəsadlaşma hallarında isə qaytarma, ishal, qarın ağrıları, qaşınma, qanaxma və şokdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti