Bakı. Trend:
Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir.
Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayonunun Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə söyləyib.
Prezident İlham Əliyevin çıxışı
- İlk növbədə, sizi ürəkdən təbrik edirəm, doğma Qarabağ torpağına qayıtmısınız. Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur - yollar, təbii qaz və elektrik enerjisi, su. Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik.
Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatanda hələ ki, biz bu bölgəyə nəzarət etmirdik. Bunun səbəblərini də bilirsiniz. Ancaq 2020-ci il noyabrın 10-dan ta 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik, erməni işğalına son qoyduq, separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq.
Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu.
Əlbəttə ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur. Nə vaxtsa olar, olar, olmaz, olmaz. Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir. Eyni zamanda, necə ki, döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın. Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta İkinci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin, Azərbaycan qanunlarına tabe olun, gəlin, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq, mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıqları yerlər də səssiz qaldı. Çünki Azərbaycan Ordusu qarşısında heç kim dura bilməzdi, Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi, ona görə ki, biz haqlıyıq. Bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz. Mən sizi təbrik edirəm, sizə xoşbəxt həyat arzulayıram və biz burada əbədi yaşayacağıq.