...

Azərbaycan İnvestisiya Şirkəti Bakıətrafı qəsəbələrin inkişafının maliyyələşdirilməsinə cəlb edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2011 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) Bakıətrafı qəsəbələrin inkişafı üzrə layihələrin maliyyələşdirilməsinə cəlb edilə bilər. Bu barədə Trend-ə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev deyib.

"AİŞ-in maliyyələşdirilməsi aqroservis xidmətlərinin göstərilməsi üzrə özəl müəssisənin, böyük ölçülü istixanaların və emal müəssisəsi kimi layihələrin yaradılmasına cəlb edilə bilər", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, iri investisiya layihələri təqdim edilərsə, AİŞ tərəfindən maliyyələşdirmə imkanı müzakirə ediləcək.

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakı və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı məsələləri ilə bağlı iclasda İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyət təcrübəsinin dəyişdirilməsi ilə bağlı tapşırıq verib. İndiyədək SKMF güzəştli kreditləri əsasən ölkə regionlarında verib.

Dövlət rəhbəri fondun fəaliyyətini Bakıətrafı qəsəbələrində genişləndirilməsini və ya bu qəsəbələrdə kiçik və orta sahibkarlığın güzəştli kreditləşdirilməsi üzrə xüsusi fondun yaradılmasını təklif edib. Prezident İlham Əliyev İqtisadi İnkişaf Nazirliyinə qısa müddət ərzində müvafiq təklifləri təqdim etməyi tapşırıb.

AİŞ ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılıb. Şirkətin yeganə təsisçisi İqtisadi İnkişaf Nazirliyidir.

Yaradılan zaman 90 milyon məbləğində formalaşan AİŞ-in nizamnamə kapitalı 2010-cu ilin əvvəlində 160 milyon manatadək artırılıb.

Martın 18-nə olan rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti