Azərbaycan, Bakı, 14 may /Trend, müxbir T.Cəfərov/
Cümə günü İranın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin yükdaşımalar və sərhəddən keçid məsələləri üzrə müştərək iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər yayıb.
İclasa İranın Yollar və Nəqliyyat Təşkilatının Tranzit Məsələləri üzrə İdarəsinin rəhbəri Səid Abdullahi və Azərbaycan Nəqliyyat Nazirliyi yanında "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov sədrlik ediblər.
Tərəflər sərhəddən keçid, sərnişinlərin gediş-gəlişi və yük mübadiləsi şərtlərinin sadələşdiriliməsi sahəsində əməkdaşlığın artırılması zərurətini qeyd ediblər.
.
İclasda tərəflər mövcud avtomobil körpüsünün yaxınlığında iki yeni körpünün, o cümlədən dəmiryol körpüsünün inşası barədə razılığa gəliblər.
Yaxın günlərdə iki ölkənin nəqliyyat nazirlərinin birgə iclasının keçirilməsi və bu məsələ ilə bağlı son razılaşmanın imzalanması barədə razılığa gəlinib.
Dəmiryol körpüsünün inşası Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilən "Şimal-Cənub" dəmiryol nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması baxımından zəruridir. Tərəflər artıq layihənin həyata keçirilməsi üçün birgə müəssisə yaradıblar.
"Şimal-Cənub" dəmiryol dəhlizi layihəsi çərçivəsində İran ərazisində Qəzvin-Rəşt-Astara marşrutu ilə 400 kilometrə yaxın dəmir yolu tikilməlidir. Layihə çərçivəsində Azərbaycan ərazisində işlərin həcmi Astara (Azərbaycan) stansiyasına qədər 8,5 kilometrə yaxın dəmir yolu xəttinin, təkərlərin dəyişdirilməsi üçün sistem stansiyalarının, sərhəd və gömrük infrastrukturunun tikintisindən ibarətdir.
Bu dəhlizlə yükdaşmanın həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 20 milyon tona qədər olacağı proqnozlaşdırılır.