Azərbaycan, Bakı, 17 may /Trend/
Dubayın "Flydubai" aviaşirkəti Hindistanın Heydərabad şəhərinə reys açdığını elan edib. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Şirkətin sayca 37-ci olan marşrutu münasib qiymətə Dubaydan dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən birinə uçmaq imkanı verir.
Heydərabada uçuşlar həftədə üç dəfə olmaqla iyunun 11-dən başlayacaq. Yeni marşrut BƏƏ-də yaşayan 1,4 milyon nəfərlik böyük hind icmasına yay məzuniyyətinin ən qızğın vaxtında münasib qiymətə öz vətənlərinə uçmaq imkanı verir.
"Biz Heydərabad şəhərinə yeni marşrutu elan etməkdən məmnunuq. BƏƏ-də boyük hind diasporu yaşayır və yeni reysi açmağın səbəblərindən biri də BƏƏ-də yaşayan bütün icmalara münasib qiymətə öz vətənlərinə uçmaq imkanı yaratmaqdır. Həydərabad "Flydubai" şirkəti üçün çox vacib bir istiqamətdir. Əqər Lakhnau marşrutu bizə Hindistanın şimalına və mərkəzinə yol açıbsa, Heydərabad bizi Hindistanın cənubu ilə bağlayır. Bu marşrutun xeyri həm də ondan ibarətdir ki, BƏƏ-də yaşayan hind icmasına münasib qiymətlərə evə qayıtmağa və bu tarixi şəhərin biznes və turizm əlaqələrinin səviyyəsini yüksəltməyə imkan verəcək", - "Flydubai" şirkətinin baş direktoru Qeyt əl-Qeyt bildirib.
FZ435 reysi Heydərabad istiqamətinə Dubayın 2 saylı terminalından saat 20:30-da çıxır və və Heydərabada saat 01:45-də enir. Əks istiqamətdə uçan FZ436 reysi Heydərabaddan 02:30-da çıxır və Dubayda saat 04:40-da enir.
Dubay-Heydərabad istiqamətində biletin qiyməti 585 dirhəmdən başlayır. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və kiçik noutbuk üçün çanta, yaxud əl çantası daxildir. Heydərabaddan Dubaya biletin qiyməti 760 dirhəmdən başlayır. 50 dirhəm ödəmək şərti ilə çəkisi 20 kiloya qədər olan baqaj yükünü qeydiyyatdan keçirmək olar. Ayaqlar üçün geniş sahəsi olan yerlərə görə əlavə 100 dirhəm ödəmək lazım olacaq.