...

Azərbaycan "Eqmont Group"un tamhüquqlu üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 15:27 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti "Eqmont Group"un üzvü olub.
Azərbaycan "Eqmont Group"un tamhüquqlu üzvü olub

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti "Eqmont Group"un üzvü olub. Trend-in məlumatına görə, bu barədə Xidmətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Azərbaycanın qrupa tamhüquqlu üzv olması barədə qərar 2011-ci ilin 11-15 iyul tarixlərində maliyyə monitorinqi orqanlarının "Eqmont Qrupu"nun 19-cu plenar iclası zamanı qəbul edilib.

Məlumatda deyilir ki, Xidmət tərəfindən qrupa üzvlüklə bağlı müraciət 2009-cu ildə edilib və bunun əsasında müvafiq prosedurların yerinə yetirilməsinə başlanılıb.

Hüquq İşçi Alt-qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin ölkəmizin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə mübarizə sahəsində nailiyyətləri və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə dair təqdimatı olub və bununla əlaqədar müzakirələr keçirilib. "Eqmont Qrupu"na üzvlük proseduru çərçivəsində mühüm mərhələ olan bu müzakirələrin nəticəsi olaraq Hüquq İşçi Alt-qrupu tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin qrupa üzvlüyünə dair müsbət rəy bildirilib. Azərbaycanın qəbulu prosesində ölkəyə Rusiya və Ukrayna dəstək göstərib.

"Egmont Group" rəhbərliyi Maliyyə Monitorinqi Xidmətini İşçi Alt-qrupunun nümayəndəsi olmağa çağırıb.

"Eqmont Qrupu"nun əsası 1995-ci ildə qoyulub. Hazırda 120 ölkənin maliyyə monitorinqi orqanı onun üzvüdür.

"Eqmont Qrupu"nun əsas məqsədi ilkin inkişaf mərhələsində olan maliyyə monitorinqi orqanlarının təşkilinə yardım göstərilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi, maliyyə monitorinqi orqanlarının əməkdaşlarının təcrübə və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təlim seminarlarının keçirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti