...

Azərbaycanda Beynəlxalq "Təhsil və Karyera" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Oktyabrın 6-dan 8-dək Azərbaycanın paytaxtı Bakı şəhərində təhsil xidmətləri, gənclərin peşəkar istiqamətləndirilməsi və məşğulluğu sahəsində regionun ən iri tədbiri olan 5-ci yubiley Azərbaycan Beynəlxalq "Təhsil və karyera" ("Education and Career") sərgisi keçiriləcək.

Bu il sərgidə 15 ölkədən yüzdən çox təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində əsas diqqət yaşı 16 və daha çox olan ziyarətçi auditoriyası üçün nəzərdə tutulmuş "ali təhsil" və "dil bacarıqlarının təkmilləşdirilməsi" sektorlarına yönəldiləcək.

Sərgidə "Karyera" sektoruna xüsusi diqqət verilir. Azərbaycanda işədüzəlmə və peşəkar kadrların seçilməsi hələ də gündəmdədir. Azərbaycan iqtisadi artım göstərir və indiki zamanda nadir mütəxəssislər, mövsümi işçilər və s. kimi kadr tələbatını təmin etmək daha da çətinləşir. Bu baxımdan sərgi işəgötürənlər üçün işçi heyətinin cəlb olunması prosesində vacib alət ola bilər. 3 gün ərzində "Education and Career" sərgisinə 10 mindən çox ziyarətçi baş çəkir. Bundan əlavə, sərgi real vaxt rejimində aparıcı işəgötürənlərin tələbə və gənc mütəxəssislərlə ünsiyyət qurmaları üçün münasib şərait yaradır və əmək bazarındakı resursları obyektiv şəkildə qiymətləndirməyə kömək edir.

Bu gün "Karyera" sektorunda eksponentlərin müəyyən faizini ölkənin aktiv yüksəliş mərhələsini yaşayan mehmanxana-turizm bazarının iştirakçıları təşkil edirlər. Azərbaycanda fəaliyyət göstərən dünya şöhrətli hotel və mehmanxanalar sərgidə öz şəbəkələri üçün ixtisaslı işçilərin seçilməsini həyata keçirəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə bu il Azərbaycanda "Turizm ili" elan edilib və bu, ölkənin turizm sahəsində möhtəşəm islahatlar üçün əlavə təkandır.

Hazırda Azərbaycanda "hotel bumu" müşahidə olunur. Onlarla yeni mehmanxanalar tikilir, köhnə mehmanxanalar isə yenidən qurulur və bərpa olunur. İlin sonuna kimi paytaxtda 6 beşulduzlu mehmanxananın açılışı gözlənilir. Müasir mehmanxana infrastrukturunu idarə etmək üçün gənc kadrlar - menecerlər, xidmətçilər, aşpazlar və s. bu kimi işçilər lazımdır. Bu baxımdan "Education and Career" sərgisi keyfiyyətli təhsil haqqında məlumat verməklə yanaşı, həmçinin işəgötürənlərə və mehmanxana, habelə turizm biznesi sahəsində bütün iş axtaranlara real kömək göstərəcək.

Beləliklə, sərgi gənclərin məşğulluğu üzrə cari bazarın problemlərinin həllinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti