Azərbaycan, Bakı, 12 aprel / Trend, müxbir A.Axundov/
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyəti ölkədə iqtisadi uğurlara nail olunmasına böyük töhfə verib.
Bu barədə Bakıda cümə axşamı Baş nazirin müavini Abid Şərifov Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun gömrük xidmətləri rəhbərlərinin konfransında çıxışı zamanı deyib.
"Son səkkiz il ərzində Azərbaycanda ÜDM üç dəfə artıb ki, bu da region üçün rekord olub və dünyada yaxşı göstəricidir. Həmin dövrdə əhalinin gəlirləri artıb, yoxsulluğun səviyyəsi azalıb. Bu uğurların əldə olunmasında DGK böyük rol oynayıb", - Şərifov bildirib.
Onun sözlərinə görə, DGK-nın fəaliyyəti ildən-ilə təkmilləşir və o, daxili bazarın müdafiəsində, təhlükəsizlik məsələlərində, ölkə daxilində istehsalın stimullaşdırılmasında və ixrac potensialının artmasında mühüm rol oynayır.
"Azərbaycan gömrüyü müasir normativ-hüquqi və maddi-texniki bazaya malikdir. Bu gün DGK-nın xarici əlaqələri artır və onun beynəlxalq gömrük cəmiyyətinə inreqrasiyası dərinləşir", - Şərifov deyib.
Onun sözlərinə görə, büdcə gəlirlərinin formalaşmasında da gömrüyün rolu artır.
"Əgər 1994-cü ildə DGK-nın xətti ilə ölkənin dövlət büdcəsinə 3,5 milyon manat vəsait daxil olmuşdusa, 2011-ci ildə bu göstərici 1,14 milyard manatadək artıb", - Şərifov deyib.