Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
2012-ci ilin 8 ayı ərzində Azərbaycanın dövlət büdcəsinə 3 milyard 808,9 milyon manat proqnoza qarşı 4 milyard 180 milyon manat vergi daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayiəsədə 13,6 faiz artım deməkdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Vergilər Nazirliyinin "Vergilər" qəzetində dərc edilən məlumatda deyilir.
"Bunun da 2 milyard 191,8 (52,4%) milyon manatı qeyri-neft-qaz sektoru üzrə, 1 milyard 988,2 milyon manatı isə (47,6%) neft sektoru üzrə olub", - məlumatda qeyd olunur.
Daxilolmaların 73,3 faizi (3 062,7 milyon manat) özəl sektorun hesabına təmin edilib.
2012-ci ilin 8 ayı ərzində yalnız ərazi vergilər idarələri (ƏVİ) üzrə vergi daxilolmaları 273,1 milyon manat proqnoza qarşı 302,1 milyon manat təşkil edib. Bu isə ƏVİ-lər üzrə proqnozun 110,6% yerinə yetirilməsi deməkdir. 2012-ci ilin yanvar-avqust ayları üzrə ƏVİ-lər üzrə faktiki daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 11,2% artıq olmaqla 30,4 milyon manat artıqlaması ilə yerinə yetirilib.
Nazirlik ümumi vergi yığımlarında ayrı-ayrı vergi növləri üzrə daxilolmaların artmasını yeni iş yerlərinin yaradılması, əmək müqavilələrinin bağlanmasında vergi nəzarətinin gücləndirilməsi ilə əlaqələndirir.
2012-ci ilin 8 ayı ərzində ƏDV üzrə 942 milyon manat proqnoza qarşı 952,8 milyon manat ödənilib, bununla da ƏDV-nin ümumi daxilolmada xüsusi çəkisi 22,8% təşkil edib. O cümlədən aksiz vergisi üzrə 296 milyon manat proqnoza qarşı 313,3 milyon manat (7,5%), mənfəət vergisi üzrə 1 milyard 473,7 milyon proqnoza qarşı 1 milyard 658,5 milyon manat (39,7%), fiziki şəxslərin gəlir vergisi üzrə 477,4 milyon manat proqnoza qarşı 520,1 milyon manat (12,4%) ödənilib.
Cari ildə ƏVİ-lərdən ƏDV üzrə 99,6 milyon (idarələrin ümumi daxilolmalarında 33 faiz), aksiz vergisi üzrə 1,1 milyon (0,4 faiz), mənfəət vergisi üzrə 18,4 milyon (6,1 faiz), gəlir vergisi üzrə 81,4 milyon manat (27 faiz) vergi daxil olub.