Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir C.Nəsibova/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və "Paşa Bank" birgə layihə çərçivəsində jurnalistlər arasında növbəti müsabiqə keçirir. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Çingiz Hüseynov müsabiqəyə həsr eilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son bir neçə il ərzində QKDK və "Paşa Bank" olduqca uğurlu alınan bir sıra birgə layihələr həyata keçiriblər.
Ən yaxşı məqalə və ya tele-radiosüjet üzrə müsabiqə "2011-2012-cil illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı" çərçivəsində keçirilir.
"Paşa Bank"ın İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Sona Abbasova mətbuat konfransında deyib ki, Azərbaycanda biznes-jurnalistika sahəsində potensial var və belə müsabiqələrin keçirilməsi bu sahənin inkişafına yardım edir.
"Paşa Bank", həmçinin, kapital bazarlarının formalaşdırılmasında maraqlıdır və belə müsabiqələrlə bağlı layihələri dəstəkləyir", - Abbasova vurğulayıb.
Pul mükafatı (I yer üçün 700 manat, II-III yerlər üçün müvafiq olaraq 500 və 300 manat) ilə yanaşı, hədiyyələrin təqdim edilməsi də nəzərdə tutulur.
Müsabiqə oktyabrın 19-dan dekabrın 18-dək QKDK, "Paşa Bank", Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının dəstəyi ilə keçirilir.