Azərbaycan, Bakı, 2 may /Trend/
Aprelin 30-da ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Ceymstaun Fondunda (The Jamestown Foundation) keçirilmiş "Azərbaycan, Gürcüstan, Türkiyə: inkişaf edən strateji ittifaqın əsasları və çağırışları" adlı konfransın "Strateji ittifaqın məqsədləri və perspektivləri" mövzusuna həsr edilmiş birinci sessiyasında çıxış etmiş XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycan, Gürcüstan, Türkiyə tərəfdaşlığının strateji elementlərindən danışaraq üç ölkə rəhbərliyinin birgə səyləri nəticəsində bu tarixi alyansın reallığa çevrildiyini və bunun əsas məqsədinin regionun güclü və davamlı gələcəyinin qurulması olduğunu vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Abdullayev üç ölkənin xarici işlər nazirlərinin Trabzon və Batumi şəhərlərindəki görüşlərini və həmin görüşlər nəticəsində birgə fəaliyyət planının qəbul edilməsini xatırladaraq bu üçtərəfli tərəfdaşlığın artıq institusional xarakter aldığını xüsusilə qeyd edib.
O, fəaliyyət planının üç ölkə arasında siyasi əməkdaşlıqdan əlavə iqtisadi, kənd təsərrüfatı, biznes və digər sahələri əhatə etdiyini və bu əməkdaşlığın inkişaf istiqamətlərini əks etdirdiyini bildirib.
Regiondakı irimiqyaslı iqtisadi layihələrdən danışan Abdullayev bu layihələrin geosiyasi dəyərinin onların beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməsində əsas amil olduğunu deyib.
Azərbaycanın müstəqilliyinin ilk günlərindən regionun inkişaf etməsinə səy göstərdiyini söyləyən Abdullayev eyni zamanda qeyd edib ki, Cənubi Qafqazda bəzi ölkələrin digərlərindən dəfələrlə çox inkişaf etmiş olması bütün regionun inkişafına mane olur, Ermənistan tərəfi bu barədə düşünməli və yaranmış məqamdan istifadə edərək daha praqmatik və uzaqgörən olmalıdır. Belə ki, bu regionumuzun beynəlxalq standartlarla ayaqlaşması üçün əhəmiyyətlidir. Buna görə də, birgə səylər və region üzrə vahid baxış vacib şərtdir.
O, həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin regionda gələn nəsillər üçün təməl yaratdığını və buradakı hər hansı bir təşəbbüsün insanların gələcəyinin yaxşılaşdırılmasına yönəldiyini vurğulayaraq, bu əməkdaşlığa qatılmağa hələ də imkanların olduğunu bildirib.
Konfransın birinci sessiyasında həmçinin ABŞ-Gürcüstan Biznes Şurasının Direktoru Mamuka Tsereteli "Gürcüstan Perspektivi" "Turkish Policy Quarterly" jurnalının baş redaktoru Nigar Göksəl isə "Strateji tərəfdaşları ilə münasibətlərin yaxınlaşması: Türkiyənin Cənubi Qafqaz siyasətinin inkişaf perspektivləri" barədə məruzələr təqdim ediblər.
"Qərb maraqları və Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağı" mövzusuna həsr edilmiş ikinci sessiyaya gəldikdə, müvafiq olaraq Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor "Avropa Birliyi və Azərbaycan-Gürcüstan-Türkiyə Qaz Dəhlizi", SAM-ın şöbə müdiri Vüsal Qasımlı "Azərbaycan Avrasiyanın Mərkəzində Nəqliyyat, Logistika və Ticarət Mərkəzi kimi" və SAM-ın şöbə müdiri Rövşən İbrahimov "Azərbaycan-Gürcüstan-Türkiyə Üçbucağı: Regional və Regionlararası inteqrasiyaya doğru" və Xarici Siyasət Tədqiqat İnstitutunun Qara Dəniz/Avrasiya üzrə regional mütəxəssisi Maykl Hikari Cecire "Üçtərəfli ittifaq: Avro-Atlantik Məqsədlərin həyata keçirilməsi üçün vasitə" haqqında çıxışlar ediblər.