...

Azərbaycan və Litva qarşılıqlı sərmayələrin perspektivlərini müzakirə ediblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2013 17:16 (UTC +04:00)
İyunun 28-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan və Litva arasında İkitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
Azərbaycan və Litva qarşılıqlı sərmayələrin perspektivlərini müzakirə ediblər (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Əliyev/

İyunun 28-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycan və Litva arasında İkitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Vergilər Nazirliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, iclasda komissiyanın həmsədrləri - Litvanın xarici işlər naziri Linas Linkeviçius və Azərbaycanın vergilər naziri Fazil Məmmədov çıxış ediblər. Nazirlər iki ölkə arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsində komissiyanın fəaliyyətini yüksək qiymətləndiriblər. Müasir dövrdə iki ölkənin iqtisadi tərəqqisi, dövlətlərin ikitərəfli iqtisadi münasibətlərinin vəziyyəti və perspektivləri müzakirə edilib, qarşılıqlı ticarət imkanlarının inkişafı və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, hər iki ölkənin dövlət başçılarının məhsuldar əməyinin nəticəsində dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənməkdədir.

Bildirilib ki, ölkələrarası münasibətlər çoxtərəfli əməkdaşlıq çərçivəsində, xüsusilə də Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində inkişaf edir. Cari ilin ikinci yarısında Litvanın Avropa İttifaqı Şurasında sədrlik edəcəyini nəzərə alaraq, tərəflər bu sahədə əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi üçün daha bir imkan əldə etmiş olacaqlar.

Sonra iclasda Litva və Azərbaycan tərəflərinin hər iki ölkədəki iqtisadi vəziyyət və investisiya mühiti, informasiya texnologiyalarının inkişafı və s. məsələlərlə bağlı təqdimatları keçirilib. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, iqtisadi vəziyyət və ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişaf perspektivləri, sənaye və energetika, kənd təsərrüfatı, gənclər və idman, mədəniyyət və turizm, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Komssiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi barədə razılığa gəlinib. Müzakirələr yekunlaşdıqdan sonra Azərbaycan və Litva arasında İkitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti