...

Fizuli Ələkbərov: Azərbaycanda aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi üçün mexanizm yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2013 16:00 (UTC +04:00)
2013-cü ilin 6 ayının yekununa olan məlumata əsasən, 120 904 ailənin hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı yardım ödənilir.
Fizuli Ələkbərov: Azərbaycanda aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi üçün mexanizm yaradılır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.Əliyev/

2013-cü ilin 6 ayının yekununa olan məlumata əsasən, 120 904 ailənin hər birinə ayda orta hesabla 120 manata qədər ünvanlı yardım ödənilir.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazir Fizuli Ələkbərovun hakim Yeni Azərbaycan Partiyasının saytında yerləşdirilən müsahibəsində bildirilir: "Onu qeyd etmək lazımdır ki, bir çox ölkələrdə donorlar hesabına ödənilən ünvanlı yardımlar Azərbaycanda məhz dövlət büdcəsi hesabına yoxsul ailələrə verilir".

Nazirin sözlərinə görə, 2006-cı ilin ortalarından etibarən ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur və 2006-cı ildə bu məbləğ 30 manat olduğu halda, 2013-cü ilin əvvəlində bu rəqəm 3,1 dəfə artırılaraq 93 manata çatıb".

Nazir vurğulayıb: "Əlbəttə, ünvanlı yardım proqramı özlərindən asılı olmayan səbəblərdən yoxsulluq şəraitində yaşayan ailələrin yaşayışında mühüm rol oynayır, onları yoxsulluğun çətinliklərindən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv və müvəqqəti xarakterli yardımdır və uzunmüddətli şəkildə belə yardımların verilməsi həmin vətəndaşlarda dövlət yardımlarından daimi asılılıq yarada bilər".

Ələkbərovun sözlərinə görə, nazirlik sosial müdafiə sistemində yeni addım kimi, aztəminatlı ailənin məşğulluq potensialını reallaşdırmağa, beləliklə, onun sosial reabilitasiyasına xidmət edən aktiv tədbirlərə xüsusi önəm verir.

Nazir bildirib: "Yəni mütərəqqi dünya təcrübəsinə istinad edilməklə, aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, beləliklə, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi, nəticədə onların dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması üçün birdəfəlik ünvanlı sosial yardım - Özünədəstək proqramı hazırladıq".

Onun sözlərinə görə, 2011-ci ilin ilk rübündən bəri artıq 13 pilot rayon və şəhərdə 271 ailə bu proqrama cəlb olundu ki, onlardan 111 ailə üzrə proqram artıq yekunlaşıb.

Ələkbərov bildirib: "Aparılan monitorinq nəticəsində həmin ailələrin 96 faizinin artıq reabilitasiya olunduğu təsdiqini tapıb".

Onun sözlərinə görə, hazırda bu proqramın davamı kimi, ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılması, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqi istiqamətində işlər aparılır.

Nazir əlavə edib: "Bu işlər müəyyən potensiala malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı qazanmasına, aztəminatlı vətəndaşın tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə hesablanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti