...

Səlim Müslümov: Azərbaycanda tibbi-sosial reabilitasiya sistemi yenidən işlənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2014 13:19 (UTC +04:00)
Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin kökündən yenidən işlənməsinə ehtiyac var. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Səlim Müslümov: Azərbaycanda tibbi-sosial reabilitasiya sistemi yenidən işlənəcək

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Əliyev/

Azərbaycanda tibbi-sosial reabilitasiya sisteminin kökündən yenidən işlənməsinə ehtiyac var. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

S.Müslümov əlillərin tibbi-sosial reabilitasiya sisteminin inkişafının dəstəklənməsi üzrə Aİ ilə birgə tvinninq layihənin təqdimatından əvvəl deyib: "İndi biz bütün bu sahənin avtomatlaşdırılması üzərində gərgin işləyirik. Ölkənin Səhiyyə Nazirliyi xəstəliklərin Avropa analoqları ilə uyğunluğu üzrə milli təsnifatının hazırlanmasını başa çatdırır. Bu iş yaxın vaxtlarda başa çatacaq, bundan sonra biz təyinatların tibbi-sosial ekspertizasının avtomatlaşdırılmış sisteminin hazırlamasına başlayacağıq".

Onun sözlərinə görə, ölkədə əlillik təyin edilən təqribən 550 min adam var: "Ölkəmizdə əlillərin sayının əhalinin ümumi sayına nisbəti kifayət qədər kiçikdir, sosial adaptasiya və məhdud imkanlı insanların tam inteqrasiyasının təmin olunması məsələsi Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Bu, bizim nazirliyimiz üçün artıq ikinci tvinninq layihədir və özündə 4 komponenti birləşdirir: institusional quruculuq və hüquqi bazanın inkişafı, əlillərin dəstəklənməsi üzrə proqramların və fərdi planlarının tətbiqi, bu sahədə məsul əməkdaşların ixtisasının artırılması və eləcə də 25 fəaliyyət istiqaməti üzrə monitorinq və qiymətləndirmə. Layihədə nazirliyin tərəfdaşları Fransanın Səhiyyə və Sosial İşlər, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq nazirlikləri, eləcə də Almaniyanın Federal Əmək və Sosial İşlər Nazirliyidir".

Təqdimatda çıxış edən Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri Malena Mardın sözlərinə görə, layihə Avropa İttifaqının Azərbaycanla ümumi əməkdaşlığının bir hissəsidir: "Layihənin büdcəsi bir milyon avro təşkil edir. Layihənin böyük məqsədi var. Biz bundan sonra da bu ölkədə sosial layihələri dəstəkləməyə hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti