...

"İcbari Sığorta Bürosu" bankların pul bazarına çıxış hüququ qazanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2014 13:20 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjası (BBVB) və "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqi Birja Elektron Ticarət Sisteminin (BEST) “Money-Market” pul bazarında iştirakı haqqında müqavilə bağlayıblar.
"İcbari Sığorta Bürosu" bankların pul bazarına çıxış hüququ qazanıb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Bakı Banklararası Valyuta Birjası (BBVB) və "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqi Birja Elektron Ticarət Sisteminin (BEST) "Money-Market" pul bazarında iştirakı haqqında müqavilə bağlayıblar.

Birjadan Trend-ə verilən məlumata görə, müqaviləni BBVB-nin müdiri Fərhad Əmirbəyov və İcbari Sığorta Bürosunun İcraçi direktoru Elxan Quluyev imzalayıblar.

"İcbari Sığorta Bürosu" müqaviləyə əsasən, banklarla eynihüquqlu bir iştirakçı qismində bankların topdansatış pul bazarına çıxmaq imkanını əldə edəcək. BBVB isə öz növbəsində, yeni iştirakçıya BEST ticarət sisteminə daxil olmaq hüququnu, həmçinin hesablaşma və informasiya xidmətlərini təqdim edəcək.
Pul bazarı seqmentində aparılan əməliyyat və hesablaşmalar "BEST-də pul vəsaitlərinin cəlbedilmə və yerləşdirilməsi üzrə əməliyyatların müvəqqəti keçirilmə qaydaları", "BEST" sistemində hərracların təşkili və hesablaşmaların aparılma reqlamenti", "BBVB-nin ticarət sessiyası çərçivəsində Mütəşəkkil pul bazarının kredit bölməsində bağlanmış kredit və depozit əqdləri üzrə hesablaşmaların müvəqqəti aparılma qaydaları", eləcədə "Money-Market" maliyyə alətlərinin spesifikasiyası"na müvafiq olaraq həyata keçirilir.

"İcbari Sığorta Bürosu" Atəşgah Sığorta, Buta Sığorta, Ata Sığorta, AzRe və AZSIĞORTA şirkətlərindən sonra Birja Elektron Ticarət Sisteminin (BEST) "Money-Market" pul bazarında iştirakı haqqında müqavilə bağlamış altıncı sığorta şirkəti olub.

"İcbari Sığorta Bürosu" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 noyabr 2011-ci il tarixində qeydiyyata alınıb. Büronun fəaliyyətinin əsas məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir.

Baki Banklararası Valyuta Birjası 1993-cü il iyunun 21-də qapalı tipli səhmdar cəmiyyəti (QTSC) qismində təsis olunub. Onun səhmləri bərabər paylarla beş səhmdar - Azərbaycan mərkəzi bankı (AMB), Azərbaycan beynəlxalq bankı (ABB), Sənaye-investisiya bankı, Aqrar-sənaye bankı və Əmanət bankı arasında bölünüb. Son üç bankın birləşməsindən sonra hal-hazlrda birjanın səhdarları sarasına AMB, ABB, Kapital Bank və həmçinin qeyri-bank kredit təşkilatı "Aqrar Kredit" daxildir.

Birja Elektron Ticarət Sistemi (Bourse E-system of Trades) birja xidmətlərinin göstərilməsi üçün universallıq prinsipi üzərində qurulmuş bir sistemdir. Bu sistem bankların qısamüddətli likvidlik və valyuta risklərilə kompleks şəkildə idarə etmək üçün müasir platformadır. BEST azərbaycan banklarına nəinki xarici valyutalarla əməliyyat aparmaq, eyni zamanda mütəşəkkil banklararası kredit bazarında borcalma və yerləşdirmə əməliyyatlarını yüksək fəalliğla aparmaq imkanını verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti